“Türkiyə Mədəniyyət Yolu Festivalları” keçiriləcəkbackend

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ölkənin 5 vilayətində “Türkiyə Mədəniyyət Yolu Festivalları” keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, İstanbul, Ankara, Çanaqqala, Diyarbəkir və Konyada keçiriləcək festivallara dünyanın müxtəlif ölkələrindən turistlər qatılacaq.

Təxminən 15 000 sənətçinin qatılacağı festivalda incəsənət, film, ədəbiyyat, rəqs, musiqi və rəqəmsal sahələri də daxil olmaqla 3000-dən çox fərqli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ölkənin mədəni irsini dünyaya tanıtdırmaq üçün təşkil edilən tədbirlə mədəni irsi inkişaf etdirməyi hədəflədiklərini bildirən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qeyd edib ki, keçən il Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başladılan təşəbbüs bu dəfə beş bölgədə daha əhatəli tədbirlər təşkil edərək geniş auditoriya ilə davam etdiriləcək.

Türk Kültür Yolu festivalları siyahısına daxil edilən 19-cu Beynəlxalq Konya Təsəvvüf Musiqisi Festivalı da sənətsevərlərin marağına səbəb olub. Mövlana Cəlaləddin Ruminin anadan olmasının 815-ci ildönümü münasibəti ilə sentyabrın 22-30-da keçiriləcək festivala Türkiyə, İspaniya, Misir, Azərbaycan, Almaniya, Özbəkistan, Hindistan və İrandan bir çox musiqiçi dəvət olunub.