Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.
“Yeni Gundem”in məlumatına görə, bu barədə R.T.Ərdoğanın Mətbuat xidmətindən bildirilib.
E.Tatar Türkiyə liderini prezident və parlament seçkilərinin nəticələri münasibətilə təbrik edib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Son məlumatlara görə, seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.
“Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı R.T.Ərdoğan 49,40 faiz səs toplayıb.
İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.
“Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.
İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.
Yaşıl Sol Partiyası 62, Milliyətçi Hərəkat Partisi(MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 6, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.