Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşdığı iddiası bomba kimi gündəmə gələrkən, Ukrayna ardıcıl hücumlarla Rusiyanın sərhəd bölgəsini hədəf aldı. Belqorod qubernatoru Vyaçeslav Qladkov minlərlə uşağın bölgədən təxliyə ediləcəyini açıqlayıb. Rusiya-Ukrayna müharibəsinin üçüncü ili davam etdiyi bir vaxtda bütün gözlər son vaxtlar Ukraynanın ardıcıl hücumlarının hədəfi olan Belqorod bölgəsinə çevrilib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov son hücumlardan sonra biri uşaq olmaqla üç nəfərin yaralandığını, şəhərin böyük bir hissəsində elektrik enerjisinin kəsildiyini açıqlayıb. Qubernator Qladkov bu həftə ərzində baş verən hücumlarda 16 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını əlavə edərək, məktəblərin və ticarət mərkəzlərinin bazar ertəsi və çərşənbə axşamı bağlanıldığını xatırladıb.
Ardıcıl hücumlar səbəbiylə bölgədən təxminən 9 min uşağın təxliyə ediləcəyini açıqlayan Qubernator, 1200 uşaqdan ibarət ilk qrupun martın 22-də təhlükəsiz yerlərə daşınacağını bildirib.
Associated Press (AP) həmçinin Ukraynanın bombardmanı altında olan sərhəd bölgəsində böyük təxliyə planının həyata keçirildiyini açıqlayıb. Təhsil müəssisələrinin bağlandığını elan edən AP kollec və universitetlərin distant təhsilə keçdiyini yazıb.
Rusiya Müdafiə Nazirliyi də dünən bölgəyə 9 artilleriya mərmisinin düşdüyünü açıqlayıb və hücumlara görə Ukraynanı ittiham edib.
Nazirlik gecə boyu davam edən hücumlarda Ukraynanın Patriot sistemindən istifadə etdiyini iddia edərkən, Ukrayna kəşfiyyatından bir mənbə pilotsuz uçuş aparatlarının Engels hava bazasına hücum etdiyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada Ukraynanın tez-tez bombardman etdiyi sərhədyanı rayonların təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət verib.
Rusiyanın hücumlara cavab vermə planlarının olduğunu, lakin mülki şəxslərin hədəf alınmayacağını vurğulayan Rusiya lideri, “Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir. Burada müxtəlif üsullar var, asan deyil, amma biz bunu edəcəyik” deyib.
Rusiya ilə Ukrayna arasında şiddətli qarşıdurmalar davam edərkən, Rusiyanın dövlət xəbər agentliyi Tass-ın oxucularına çatdırdığı bir hadisə gündəmə bomba kimi düşüb.
Tass-ın məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Fransanın Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşdığına dair kəşfiyyat məlumatı aldıqlarını iddia edib.
Narışkin fransız qoşunlarının “Rusiya ərazisinə qılıncla gəlsələr” Rusiya qüvvələri üçün qanuni hədəf olacağını desə də, Fransa Müdafiə Nazirliyi bu iddiaları təkzib edib və bəyanatı “təxribat” kimi qiymətləndirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal