Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib. Zelenski və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Atatürk hava limanına enib.
Ukrayna Prezidenti Zelenski və Ukrayna Müdafiə naziri Rüstəm Umerov da daxil olmaqla nümayəndə heyətini Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsinin müavini Mehmet Zahit Uzun, Zeytinburnu rayon valisi Adem Uslu, 1-ci Ordu Əməliyyat Qərargahı rəisinin müavini, briqada generalı Əli İhsan Bulut qarşılayıb.
Səfər çərçivəsində Zelenski prezident Ərdoğanla görüşəcək.
Görüşdə Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi müzakirə olunacaq.
Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi və bölgədə daimi sülh axtarışları ilə bağlı təmaslardakı son vəziyyətin ətraflı müzakirə ediləcəyi görüşdə gündəm mövzularından biri də Türkiyə-Ukrayna münasibətləri olacaq.
Xatırladaq ki, son dəfə Zelenski 2023-cü il iyulun 7-də Türkiyəyə səfər etmişdi.
Ukrayna prezidenti Zelenski 2023-cü il iyulun 7-də Türkiyəyə gələrək Vahdettin malikanəsində prezident Ərdoğanla görüşüb.
Prezident Ərdoğan və Zelenski arasında təkbətək və heyətlərarası görüşlərdən sonra iki ölkə arasında “Strateji sənayelər sahəsində əməkdaşlıq” haqqında anlaşma memorandumunu ehtiva edən protokolun imzalanma mərasimi keçirilib.
Bundan əlavə, Zelenski birgə mətbuat konfransında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə və Qara dəniz taxıl təşəbbüsünə verdiyi dəstəyə görə Türkiyəyə minnətdar olduğunu bildirib.
Mənbə: TrtHaber
Aynur Camal