Ukrayna prezidenti Zelenski Səudiyyə Ərəbistanına səfər edibbackend

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib. Ölkədə o, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. Ukrayna prezidenti əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhdi ilə məhbusların və köçkünlərin qaytarılması məsələsini müzakirə edəcək. Onun sözlərinə görə, krallığın hakimiyyət orqanları artıq ukraynalıların azad edilməsinə töhfə verib. Bundan əlavə, Vladimir Zelenski qarşılıqlı iqtisadi əməkdaşlıq və Səudiyyə Ərəbistanının Ukraynanın bərpasında iştirakını müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanında Ukraynanın “sülh formulu” ilə bağlı danışıqlar aparılıb. Orada 30-dan çox ölkədən nümayəndələr iştirak edib.

Keçən ilin dekabrında Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər neft və qaz hasilatı sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər, həmçinin müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər.

“Bir nömrəli mövzu sülhün formuludur. Ötən il Ciddədə onun icrası ilə bağlı məsləhətçilər səviyyəsində məhsuldar görüş keçirdik. İndi biz birinci dünya sammitini keçirməyə yaxınıq və Səudiyyə Ərəbistanının davamlı aktiv dəstəyinə ümid edirik”, – Vladimir Zelenski Telegram kanalında yazıb.

Mənbə: mail.ru

Aynur Camal