Siyasi müzakirələr kömək bloklandı!
ABŞ və Avropa İttifaqının yardımı Ukraynaya çatmadı. Xarici yardımın azalması ilə Ukrayna Rusiya ilə müharibədə bəzi hərbi əməliyyatlarını dayandırmaq məcburiyyətində qalıb.
Son zamanlar ABŞ və Aİ ölkələrindən Ukraynaya siyasi çəkişmələr ucbatından yardım çata bilməyib. Ukrayna Silahlı Qüvvələrinin Tavriya Əməliyyat və Strateji Qoşunları Qrupunun komandanı Aleksandr Tarnavski bildirib ki, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrdə sursat çatışmazlığı yaranıb. Britaniyanın Reuters xəbər agentliyinə danışan Tarnavski bu vəziyyətin Ukrayna üçün böyük problem olduğunu bildirib.
Xüsusilə Sovet İttifaqı dövründən qalma silahları üçün top mərmilərinə ehtiyac duyduqlarını vurğulayan Tarnavski, “Ehtiyaclarımızı nəzərə alsaq, əlimizdə olan top mərmiləri kafi deyil. Bəzi bölgələrdə müdafiə mövqeyi tutduq. Taktika dəyişir” deyib.
BBC-yə danışan Ukrayna müdafiə nazirinin müavini İvan Havrylyuk artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kamikadze İHA istehsalını artırdıqlarını bildirib.
Müharibədə Qərb ölkələrinin göndərdiyi uzun mənzilli raketlər və hava hücumundan müdafiə sistemlərindən xüsusilə asılı olan Ukrayna Qərbin köməyi ilə öz hərbi sursat sənayesini inkişaf etdirməyi hədəfləyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi onlayn iclasda jurnalistlərə açıqlamasında Ukraynaya yardımın bitmiş ola biləcəyini deyib.
Yeni ildən əvvəl Ukraynaya yeni yardım paketini açıqlayacaqlarını ifadə edən Kirbi, “Bu ediləndə Ukraynaya kömək edəcək vəsaitimiz olmayacaq” deyib.
Kirbi həmçinin Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağıraraq, “Ukraynanın hələ də bizim köməyimizə ehtiyacı var. Konqresin azadlıq və demokratiyanın yanında olmasının və öz milli təhlükəsizlik maraqlarımız üçün hərəkətə keçməsinin vaxtıdır” deyib.
ABŞ Konqresindəki Respublikaçılar 60 milyard dollarlıq hərbi yardım paketini blokladılar. Avropa İttifaqının sammitində Macarıstanın Ukraynaya 50 milyard avroluq maliyyə yardımına veto qoyulub.
Aİ 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndəriləcəyini açıqlamışdı. Lakin indiyədək bu artilleriya mərmilərindən yalnız 480 mini Ukraynaya göndərilib və ya göndərilmək üzrədir.
Rusiya prezidenti Vladimir Putin ötən həftə verdiyi açıqlamada bir daha bildirib ki, Ukrayna ilə müharibə ancaq ölkəsinin hərbi məqsədlərinə çatacağı təqdirdə bitəcək.
Mənbə: TGRT
Aynur Camal