Mayın 15-də Ukraynanın Jitomir vilayəti Korostışevski rayonu Kamennıy Brod kəndində qətlə yetirilən gənc haqqında yerli və xarici mediada yayılan məlumatların çoxu qeyri-dəqiqdir.
Artıq meyiti Azərbaycana gətirilən və torpağa verilən 32 yaşlı Pərvin Allahverdi oğlu Şirinovun yaxınlarının Mediapress.az-a verdiyi məlumata görə, Pərvin mediada deyildiyi kimi biznesmen yox, mərmər sexində işləyən adi işçi olub. Başqa sözlə, o Ukraynaya pul qazanmaq və Sumqayıtda yaşayan aztəminatlı ailəsini saxlamaq üçün gedibmiş.
Hadisə zamanı birlikdə işlədiyi yoldaşları ilə həyətdə olublar, 2 silahlı şəxs motoskiletlə gələrək onları atəşə tutub. Pərvin başından aldığı güllə yarasından yerindəcə keçinib.
Cinayət hadisəsindən dərhal sonra Jitomir polisi araşdırma-təhqiqat aparıb, cinayət törədilən yerdə işçi qrupu işləyib. Milliyyətcə azərbaycanlı olan iki şəxs qətli törətməkdə şübhəli bilinərək tutulub. Bu barədə Jitomir vilayəti üzrə Baş milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko məlumat verib. O, son zamanlar Ukraynada azərbaycanlılar tərəfindən törədilən qətllərin artığını da bildirib.
Qeyd edək ki, Pərvin Şirinovun qətlinin törədilməsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayətinin rəhbəri Radj Qasımovun da adı hallanır. Mərhumun yaxınları da bu məsələdə iddia irəli sürürlər. Məlumata görə, R.Qasımov Ukraynada fəaliyyət göstərən bir qrup azərbaycanlı sahibkarla yola getmir, onlar arasındakı şəxsi və işgüzar zəmindəki ədavət belə qətllərlə nəticələnir.
Radj Qasımov isə jurnalistlərlə söhbətində haqqında deyilənlərin əsassız olduğunu, bu qətlin açılmasında, təqsirkarların cəzalandırılmasında cəhd göstərdiklərini deyib.
Məlumat üçün deyək ki, qətlə yetirilən Pərvin Şirinov 2 azyaşlı uşaq atası idi, ailəsi illər əvvəl bacısını, sonra atasını itirmişdi.
Mövzu davam etdiriləcək.
P.S. Əks tərəfin mövqeyini də dinləməyə hazırıq.