Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdikbackend

Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.

Hələ 1969-cu ildən, yəni ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.

Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi.

Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
Ümummilli Lider 1923-cü ildə məqsədyönlü şəkildə dağlıq və aran hissələrinə bölünmüş Qarabağın təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam-Xankəndi dəmir yolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.
Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Ümummilli Lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu Heydər Əliyevin Qarabağa,Şuşaya göstərdiyi xüsusi qayğısı və sevgisi gözönündə olub hər zaman və bu inkaredilməzdir. Şuşa işğal edildikdən sonra xalqımızın,Ümummilli liderimizin göstərdiyi böyük iradə,qəlbimizdə olan böyük üzüntü və daim Şuşanı,Qarabağı  azadlığa qovuşdurma cəhdləri hər kəsin xatırladığı çətinliklərdir.

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər.

Rəna Baxşəliyeva- Azərbaycan Dövlət Pedaqoji Universiteti