Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələ açılmasıdırbackend

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutubonların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib.

Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir. Belə bir vaxtda – 1990-cı ilin iyul ayında Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi, muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. 1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının  Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilmişdir. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada çox mühüm qərarlar qəbul olunmuşdur. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı. Bu mənada, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə nadir siyasi missiyanın gerçəkləşdirildiyi zaman kəsiyi kimi yer tutur.

Əliyeva Səmra

Azərbaycan Dillər Universiteti