Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idibackend

«Müstəqilliyimiz  ulu öndər  Heydər Əliyevin nəsillərə əmanətidir.» Bu, sadəcə fikir olaraq qeyd edilmir. Dövlət müstəqilliyimizin yenidən bərpasından bizləri ayıran  30 ildən artıq dövr bizlərdən keçilən yola   nəzər salıb düzgün dəyərləndirmə aparmağı bir tələb kimi qarşımıza qoyur.  Milli ideyanı həyata keçirmək, dünya arenasına müstəqil dövlət kimi çıxmaq, öz taleyinin sahib olmaq,  azad və müstəqil yaşamaq  hüququ qazanmaq asan başa gəlmədi. Xalqımız ziddiyyətli, həyəcanlı, çətin sınaqlarla dolu tarixi mərhələdən keçməli oldu. Bu baxımdan 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Reallıq budur ki,  güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar.  Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadıqları ilə 1993-cü ildən başlanan inkişaf yolunu müqayisə etdikdə bu həqiqəti bir daha təsdiqləmiş oluruq. Zaman hadisələrə dəyər vermək baxımından zəngin mənbədir. İllər keçdikcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətini daha dərindən dərk edir, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ilin ölkəmizin həyatında rolu yüksək dəyərləndirilir. Qurtuluş əbəs yerə  bugünkü uğurlarımızın başlanğıc nöqtəsi kimi dəyərləndirilmir.

Son 18 ildən artıq dövrdə  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Ulu öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində bu əminliyi böyük inamla ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik.”

Ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Azərbaycan  Vətən müharibəsində tarixi Zəfəri ilə kimin kim olduğunu dünyaya bəyan etdi.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışın ilk addımı atılır. Bu il ilk olaraq Zəngilanın Ağalı sakinləri öz dogma yurd-yuvalarına qayıdacaqlar. Tezliklə Qarabağlı və  Şərqi Zəngəzurlu Azərbaycan cənnət məkana çevriləcək.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu fikri təəssüf hissi ilə qeyd edir ki,  atam bu günü görə bilmədi: “Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.”

Tarixi Zəfərimizdən sonra hər bir tarixi günü, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edən dövlət başçısı İlham Əliyev ilk dəfə olaraq Müstəqillik Günü kimi qeyd olunan 28 May tarixində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən bir daha bu əminliyi ifadə etmişdir ki, xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.

Göründüyü kimi, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Azərbaycan Dillər Universiteti

Ələkbərov Kənan