Ümummilli lider Heydər Əliyevin fikirləri gələcək nəsillər üçün müqəddəs yol xəritəsidir – Məlahət İbrahimqızıbackend

Hər bir millətin milli kimliyini, onun varoluşununun, milli ruhunun, milli təfəkkürünün, bir millət kimi yaşamasını şərtləndirən ən vacib amillərdən bir o millətin ana dili, digəri isə onun mənsub olduğu dindir.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


Onun sözlərinə görə, ana dili hər bir xalqın varlığının, mövcudiyyətinin və gələcəkdə bir xalq kimi yaşamasının təmin edən ən önəmli amillərdir. İnsanın varoluşundan günümüzədək minlərlər dillər olubdur. Çox təəssüf ki, bir sıra xalqlar kimi, dillər də ya asimmilyasiya uğrayıb, ya da tarixi proseslərin təbəddülatlarına tab gətirə bilməyərək əriyib yox olubdur.

Bu mənada hər bir xalqın dilinin qorunması və gələcəkdə yaşaması üçün bu xalqın hər bir nümayəndəsinin böyük məsuliyyəti olmaqla, həm də borcudur. Sözsüz ki, xalqın dilinin qorunmasında onun yaşadığı dövlətin böyük məsuliyyəti olmaqla həm də bilavasitə borcudur. Həm də dövlət xalqın dilinin inkişaf etdirilməsi və bu dilin hər cürə təhlükələrdən qorunmalıdır. Bunun üçün dövlət tərəfindən sözsüz ki, davamlı və konkret addımlar atılmalıdır.
Böyük Türk dili ailəsinin bir qolu olan Azərbaycan türkcəsinin də keçməkeşli bir tarixi var. Müqəddəs Ana dilimiz olan Azərbaycan türkcəsi tarixin ayrı-ayrı mərhələlərində çox ciddi təhlükələrlə üzləşsə də bütün bu təhlükələrdən çıxaraq günümüzə öz gözəlliyi və şirinliyi ilə gəlib çatmışdır.

Mən Azərbaycan türkcəsinin tarixi keçmişinə qayıtmaq istəmirəm. Lakin özümə borc bilirəm ki, müqəddəs Ana dilimizin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsində və bu tarixi missiyanın yerinə yetirilməsində dilimizin böyük təssübkeşi olan xalqımızın Böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edim. Çağdaş dövlətimizin memarı olan Ulu Öndərimiz elə bir sahə yoxdur ki, orada onun əvəzsiz xidmətləri olmasın.

Minnətdarlıqla qeyd etməliyik ki, Ana dilimizin bugünə gəlib çıxmasında Onun həm sovet və həm də Müstəqillik illərindəki xidmətləri danılmazdır, misilsizdir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan dilinin dövlət dilli statusu qazanması, ən yüksək beynəlxalq cəmiyyət və təşkilatların kürsülərindən səslənməsi bilavasitə Ulu Öndərin prinsipiallığı, qətiyyəti və millətinə sonsuz sevgisi sayəsindədir. Böyük ehtiram və sevgi ilə xatırlatmaq istərdim ki, Ulu Öndərimizin çıxışlarını dinlədikcə, onun dilindən səslənən cümlələr Azərbaycan dilinin gözəlliyini göstərməklə bərabər, həm də onun necə qorunmasının şahidi olurduq. Ulu Öndər Nizami, Fizuli, Nəsimi, Dədə Qorqud, Şəhriyar, Hüseyin Cavid və xalqımızın bir çox mütəfəkkirləri haqqında danışarkən Ana dilimizə olan sonsuz sevgisinin şahidi oluruq.

Əslində Azərbaycan xalqın mənəvi sərvətlərinin, o cümlədən ana dilimizin qorunması,.bu dilin incəliklərini mükəmməl bilən, dilçilik elminin mahiyyətinə dair dərin məlumatlara, milli mədəniyyətimizin müxtəlif sahələri haqqında geniş biliklərə malik olan Dahi Liderimiz həm də ən mürəkkəb dönəmlərdən günümüzə Ana dilimizin xilaskarı kimi şərəfli tariximizə qızıl hərflərlə əbədi olaraq həkk olunmuşdur. Xalqını və onun bütün milli-mənəvi sərvətləri ilə birlikdə hər cürə təhlükələrdən qorumaq və gələcək nəsillərə tükənməz miras buraxmaq böyük siyasətçi, görkəmli dövlət adamı olan Heydər Əliyevin həyat və fəaliyyətinin əsas amalına və prinsipinə çevrilmişdi. Bildiyimiz kimi SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Belə bir şəraitdə ana dilinin təbliği ilə məşğul olmaq, ona rəsmi dil statusu verilməsinə çalışmaq böyük cəsarət tələb edirdi, milli respublikaların rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Sovet şovinizmindən və türkfobiyadan qaynaqlanan bütün təhlükə və çətinliklərə baxmayaraq, həmin dövrdə Respublikamızın rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində özünün açıq və dəyişməz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi.

Əbədiyaşar Liderimiz Moskvanın, Kremlin çox ciddi və sərt müqavimətindən çəkinməyərək, 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail ola bilmişdi. Bugün həmin dövrdə baş verənləri təhlil etdikcə Ulu Öndərin uzaqgörənliklə xalqı üçün etdiklərini düşündükcə Heydər Əliyəvin öz xalqını müstəqilliyinə qovuşacağına hazırladığı qənaətinə gəlməmək mümkün deyil. Bu hadisə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açdı.
Bildiyimiz kimi Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu isə ana dilimizin ən yüksək ictimai dəyərini təmin edir. Konstitusiyanın qəbulundan keçən illər ərzində ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı iyirmidən artıq müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə çox böyük önəm verdiyini, ona milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir.
Müasir Dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi.

Onun dövlət siyasətində aydın şəkildə Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi əks olunurdu. Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan sonsuz məhəbbət və hər kəs üçün, xüsusilə gələcək nəsillər üçün örnəkdir. Məmnuniyyətlə qeyd etməyi özümə borc bilirəm ki, Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilmişdir.

Məhz Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıbdır. Həqiqətən də Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi nə qədər qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın tarixi, ədəbiyyatı, milli-mənəvi dəyərləri və mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Sözsüz ki, Azərbaycan dilinin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər bugün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, müqəddəs Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlətimizin başçısının daima diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biridir. Dünyanın ən görkəmli strateg dövlət adamı və uzaqgörən diplomatı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyada baş verən kürəsəlləşmədən və çox paradoksal geosiyasi proseslərdən meydana gəlmiş təhlükələrin millət və xalqların gələcək varolmasına mənfi təsirini və riskləri çok dəqiq dəyərləndirərək Ana dilimizin qorunması üçün vacib addımlar atır.

Onun bu sahədə son illərdə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, həm də milli kimliyimizi və milli mənsubiyyətimizi gücləndirən ən əhəmiyyətli amillərdəndir.
Bu mənada bugün ölkəmizdə həyata keçirilən əzmkar dil siyasəti bir daha göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin daha da səmərəli olması üçün dövlət dili olan Azərbaycan türkcəsinin statusu və işləkliyinin bütün sahələrdə təmin edilməsi üçün konkret addımlar atılır.

Sözsüz ki, müqəddəs Ana dilimizin hər cür təhlükələrdən qorunması və inkişafı üçün hər bir azərbaycanlı, öz növbəsində, vətəndaşlıq borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir deyə deputat Məlahət İbrahimqızı qeyd etdi.