Uşaqların sosial mediada məxfiliyinin qorunmasına yönəlmiş qanun təsdiqləndibackend

Fransada uşaqların sosial mediada yayımlanan fotoşəkilləri ilə bağlı hüquqlarının qorunmasını nəzərdə tutan qanun Milli Məclis tərəfindən yekdilliklə qəbul edilib.

Fransa mətbuatında çıxan xəbərlərə görə, uşaqların sosial mediada şəxsi həyatının qorunması ilə bağlı qanun layihəsinin son variantı Milli Məclisdə 195 səslə təsdiqlənib.

Yekdilliklə qəbul edilən qanun sosial mediada bəyənmə sayını artırmaq və gəlir əldə etməyi hədəfləyən valideynlərə qarşı uşaqların öz fotoşəkilləri üzərindəki hüquqlarını qorumaq məqsədi daşıyır.

Qanun uşaqların fotolarının sosial şəbəkələrdə sui-istifadə edilməsi riskinə qarşı valideynlərin məsuliyyətini gücləndirir və həmçinin valideynlərin bu fotolar üzərində mütləq hüququnun olmadığına diqqət çəkir.

Yeni hüquqi tənzimləmə çərçivəsində Fransa mülki məcəlləsinin “valideyn səlahiyyətləri” bölməsinə uşağın “şəxsi həyatı” anlayışı əlavə edilib.

Bu tənzimləmə ilə uşağın fotoşəkillərə sahiblik hüququnun valideynləri tərəfindən “birgə” qorunması və onun fotoşəkilləri ilə bağlı uşağın rəyini alması məcburi hala gəlib.

Bundan əlavə, valideynlərdən biri etiraz edərsə, digər valideynə uşağın şəklini sosial media platformalarında paylaşmaq qadağandır.

Bir ilə yaxındır müzakirə edilən qanun layihəsinin bəzi hissələri ilə bağlı senatorlar və deputatlar razılığa gələ bilməyiblər.

Qanuna qarşı çıxan senatorlar qanunun pedaqoji mahiyyətinin vacib olduğunu bildirsələr də, yeni tənzimləmənin uşaqların şəxsi həyatının daha güclü qorunması üçün real həyatda “ekvivalenti” olmayacağını müdafiə ediblər.

Qanun layihəsini Milli Məclisə təqdim edən prezident Emmanuel Makronun partiyası Rönesans partiyasından olan millət vəkili Bruno Studer, sosial mediada zərərli məqsədlər üçün istifadə edilən uşaqların şəkillərinin yarısının valideynlərin sosial mediada paylaşdığı fotoşəkillərdən ibarət olduğunu bildirib.

Mənbə: TrtHaber

Aynur Camal