Valensiya şəhəri yandıbackend

İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. Altı yanğınsöndürən və bir uşaq olmaqla azı 14 nəfər xəsarət alıb. Yanğınsöndürmə işləri davam edir.

Campanar rayonunda 14 mərtəbəli binada baş verən yanğın qısa zamanda bitişik binaya da keçib.

Yanğınsöndürmə briqadaları binada sıxılmış vəziyyətdə qalan insanları eyvandan çıxarıb. 20-dən çox yanğınsöndürmə briqadası yanğına müdaxilə edir.

Səlahiyyətlilər insanları yanğının baş verdiyi ərazidən uzaq durmağa çağırır.

İspaniyanın El Pais qəzetinin məlumatına görə, 138 mənzildən ibarət binada təxminən 450 nəfər yaşayırdı.

Yerli xəbərlər bildirir ki, yanğınsöndürənlər mənzilin bir neçə sakinini, o cümlədən yeddinci mərtəbədə yaşayan bir cütü kranlardan istifadə edərək xilas ediblər. Yanğın sürətlə böyüdükcə binanın tikintisində istifadə olunan materiallar ölkədə müzakirə mövzusuna çevrilib.

Valensiya Sənaye Mühəndisləri Kollecinin vitse-prezidenti Ester Puçades İspaniyanın Efe xəbər agentliyinə verdiyi açıqlamada binanı daha əvvəl araşdırdığını bildirib. Puçades binanın çöl hissəsində poliuretan materialdan istifadə edildiyini, yanma ehtimalına görə buna üstünlük verilmədiyini iddia edib.

Binanın ikinci mərtəbəsində yaşayan bir şəxs “La Sexta” telekanalına bildirib ki, dördüncü mərtəbədən başladığı bildirilən yanğın sürətlə yayılıb və “Yanğın 10 dəqiqə ərzində yayılıb” deyib.

Mənzil sakini əlavə edib ki, yanğının yayılmasına binanın çöl hissəsindəki material səbəb ola bilər.

Səlahiyyətlilər evlərindən didərgin düşmüş insanların otellərə yerləşdiriləcəyini bildiriblər.

Mənbə: hurriyyət.tr

Aynur Camal