Yaxın bir neçə ayda özünün mürəkkəb dövrünü yaşamış ABŞ-Azərbaycan münasibətlərinin normallaşması hər iki tərəfin maraqlarına xidmət edir. Bəli, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə, o cümlədən də ABŞ-lə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu edir, lakin Bakı Vaşinqtonla münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulmasının tərəfdarıdır. Təəssüf ki, son aylar, xüsusən antiterror tədbirlərinin ardınca ABŞ öz maraqlarını heç bir əsas olmadan Ermənistanın beynəlxalq hüquqa zidd maraqları ilə uzlaşdıraraq beynəlxalq normaları ikinci plana keçirərək daha çox aqressiv ritorikaya üstünlük vermiş, Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığı və bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsini süngü ilə qarşılamışdı. Lakin Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi konfiqurasiya, sözün əsl mənasında ölkənin müstəqil iqtisadi və hərbi-siyasi güc olması Vaşinqtondan hücumları nəinki neytrallaşdıra bildi, üstəlik diplomatik ABŞ-nin özünün Cənubi Qafqaz regionunda yeni rallıqları qəbul etməsi və nəticədə əlaqələrimizin tədricən müsbət məcraya qayıtmağa başlamasına səbəb oldu. Bu prosesdə dönüş nöqtəsi heç şübhəsiz ki, cənab Prezidentin Antoni Blinkenlə telefon danışığı hesab olunmalıdır. Cənab İlham Əliyevin həmin müzakirələrdə öz prinsipial mövqeyini ortaya qoyması ilə Vaşinqton artıq başa düşdü ki, Azərbaycanla bu tərzdə münasibətləri davam etdirmək mümkün deyil. Əgər Vaşinqton regional sülhdən danışırsa real sülh və sabitlik mühiti yalnız elə Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranıb və ABŞ prosesdə işğalçı və təcavüzkarın iddialarını yox, beynəlxalq hüquqa əsaslanan mövqeyi dəstəkləməlidir.
Ceyms Obraynın Bakı səfəri bu xüsusda çox önəm daşıyır. Bildiyiniz kimi, Obrayn Dövlət Departamentinin rəhbər heyətində təmsil olunmasına və ABŞ-nin regionla bağlı siyasətinə rəhbərlik etməsinə baxmayaraq Senatda kifayət qədər radikal və ədalətsiz mövqe tuutmuş azsaylı diplomatlardan idi. O hətta Bakını münasibətlərin əvvəlki kimi olmayacağına dair bəyanatlarla təhdid edirdi. Lakin son nəticədə proseslərin gedişatı göstərdi ki, Obrayn əslində Bakını yox, elə Vaşinqtonun özünün nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyadakı mövqelərini təhdid edib. Aydınır ki, proseslərin bu axarından heç bir tərəf qazanclı çıxa bilməzdi, lakin ABŞ eyni zamanda bu ritorika ilə həm də situasiyadan uduzmuş şəkildə çıxacağını anladı. Nəticə etibarı ilə Dövlət katibinin özünün cənab İlham Əliyevə zəng edərək prosesləri yoluna qoymağa çalışması, Azərbaycanla bağlı təhdidləri geri götürməsi, Azərbaycan rəsmilərinin də ABŞ-ə səfəri ilə bağlı gülünc “sanksiyaların” qüvvəyə minmədən aradan qaldırılması, “Azərbaycanla münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini” iddia edən Obraynın isə cənab İlham Əliyevin icazəsi ilə regiona gəlişi və Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi münasibətlərin bərpası əlaqələrin müsbət məcrada davam etdirilməsi üçün vacib gedişlər oldu. Biz Vaşinqtonun əvvəlki uyğunsuz mövqeyinən geri çəkilməsini alqışlayır və ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıtmasını ancaq alqışlaya bilərik. ABŞ Azərbaycan üçün strateji və çox önəmli tərəfdaşıdır və münasibətlər bütün səviyyələrdə inkişafı hər iki dövlətin milli maraqlarına xidmət edir.
Lakin münasibətlərin siyasi və diplomatik səviyyədə normallaşmasını müşahidə etdiyimiz bir zamanda 50 konqresmen və 10 senatorun Nümayəndələr Palatasının spikeri və Senatdakı demokrat və respublikaçı çoxluq və azlıqların rəhbərlərinə müraciət ünvanlaması ABŞ-də lobbi maraqlarının bəzi hallarda təəssüf ki, dövlət maraqlarını üstələdiyini göstərir. Erməni milyarderlərinin əsirinə çevrilmiş konqressmenlərin bu dəfəki tələbi “həssas” “demokratiya” kimi təqdim edilən Ermənistana ABŞ-nin yardımının zəruriliyi ilə bağlıdır. Məktubun müəllifləri hər hansı ciddi mənbəyə istinad etmədən, Azərbaycanın guya Ermənistanın ərazisinə qarşı “təcavüzünü davam etdirəcəyi” ilə bağlı narahatlıq ifadə edərək ABŞ-Ermənistan təhlükəsizlik tərəfdaşlığının gücləndirilməsini tələb edir. Həqiqətən qlobal mənada super güc olan bir subyektin qanunvericilik səviyyəsində bu cür cılız insanlarla təmsil olunması həqiqətən təəccüb doğurur. Heç şübhəsiz ki, bu konqresmenlərin bir çoxu ümumiyyətlə Cənubi Qafqazın yerini xəritədə belə tanımır, yaxud onlardan ABŞ -Ermənistan əməldaşlığının Amerika xalqı üçün, yaxud bəşəri dəyərlər adına əhəmiyyəti soruşularsa məktubdakı tezislərdən bir kəlmə belə kənara çıxmaq iqtidarında deyillər. Sadəcə ortada lobbi maraqları var və görünən odur ki, bu konqresmenləri mənfətləri maraqlandırır. Əks halda Azərbaycanın elə ABŞ-nin özünün də tanıdığı ərazi bütövlüyün bərpa etməsini Azərbaycanın “təcavüzü”, işğalçının qovulması, separatizmin isə çökdürülməsini “humanitar çağırışlar” kimi dəyərləndirməzdirlər.
Məlum məktubda diqqət çəkən digər nüans “Qərbi Azərbaycan”la bağlı natamam iddialardır. Düzdür konqressmenlərin iddiaları ikrah doğurur, lakin eyni zamanda burada müsbət məqam ondan ibarətdir ki, cənab İlham Əliyevin Qərbi Azərbaycan konsepsiyası dünya erməniliyini lərzəyə salıb və nəticədə ermənilər məhz konress muzdlularını prosesə cəlb etməyi zəruri hesab ediblər.
ABŞ-Azərbaycan münasibətlərinin yenidən rəvan məcraya qədəm qoymaqda olduğu bir dönəmdə bu kimi arzuolunmaz nüanslar,təbii ki, proseslərin gedişatına mənfi təsir edir. Bu baxımdan, hesab edirik ki, rəsmi Vaşinqton Konqressi bu kimi özfəaliyyətlərlə Qafqazda nəyəsə nail olunmayacağını başa salmalı, ABŞ-nin dövlət maraqları naminə Azərbaycan və Ermənistanın real mövqelərini satılmış konqressmenlərə çatdırmalıdır.
Bəhruz Məhərrəmov
Millət vəkili