Veteranlar Təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə konfrans keçirilib – FOTObackend

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov əvvəlcə Azərbaycan Ordusunun formalaşması tarixinə diqqət çəkib, ordumuzun hələ Cümhuriyyət dövründə erməni işğalçılarına qarşı uğurla mübarizə apardığını qeyd edib. Polkovnik vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nizami ordunun formalaşdırılması prosesinə start verilib, müstəqil Azərbaycanın yeni yaranan ordusunun gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində islahatların sürətlə davam etdirildiyini bildirən polkovnik Cəlil Xəlilov məhz ordudakı islahatlar, xalq-ordu və dövlət-xalq birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində parlaq Zəfər qazandığını vurğulayıb. 
Son vaxtlar bəzi antimilli qüvvələrin Azərbaycan Ordusu, onun tarixi Qələbəsi ilə bağlı təxribat xarakterli, həqiqətə zidd olan məlumatlar yaydığını, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdığını bildirən sədr müavini bu cür təxribatçı qüvvələrə qarşı bütün cəmiyyətin, o cümlədən veteranların birgə mübarizə aparmasının vacibliyini qeyd edib. Polkovnik Cəlil Xəlilov diqqətə çatdırıb ki, Azərbaycan xalqı, o cümlədən veteranlar hər zaman olduğu kimi, bundan sonra da orduya, onun Ali Baş Komandanına dəstək verməkdə davam edəcək, heç bir qüvvənin 8 Noyabr Zəfərinə kölgə salmasına imkan verməyəcək.
Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəyasət heyətinin üzvü Şəmistan Əlizamanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarix yazdığını, parlaq Qələbəyə imza atdığını vurğulayıb. O qeyd edib ki, əsrlər keçsə də, bu Qələbə Azərbaycan xalqı tərəfindən hər zaman qürur hissi ilə xatırlanacaq, hərbçilərimizin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirdə çıxış edən “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu Azərbaycan Ordusunun tarixi inkişaf yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində ordumuzun düşməni darmadağın edərək dünyanı heyrətləndirən böyük Qələbəyə imza atdığını bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə ağır zərbə vuran, onu işğal edilmiş tarixi Azərbaycan torpaqlarından qovan Azərbaycan Ordusu bu Qələbə ilə babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını bir daha sübut etdi.
Qələbədə Azərbaycan xalqının fədakarlığının, ordumuzun şücaətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının həlledici rol oynadığını bildirən təşkilat sədri, xalqımızın bu Qələbə ilə hər zaman fəxr edəcəyini, öz qəhrəmanlarını unutmayacağını bildirib.
“Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev çıxışından əvvəl 90-cı illərdə erməni faşizminə qarşı aparılan mübarizəyə diqqət çəkib. Həmin vaxt hərbi texnika, silah-sursat təminatı baxımından böyük çətinliklər çəkdiyini bildirən Şəmsəddin Əliyev məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmindən etibarən ordu quruculuğuna böyük diqqət yetirildiyini vurğulayıb. Şəmsəddin Əliyev qeyd edib ki, sonrakı mərhələdə Prezident İlham Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edərək dövlətimizin ərazi bütövlüyünü bərpa edib.
Tədbirdə, həmçinin hərbiyönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak ediblər.