Virusun fəsadlarını azaltmaq üçün açıq havada gəzməyin faydası çoxdurbackend

Keçən həftə dünyada koronavirus infeksiyasına 4 mil­yon 500 mindən çox insan yoluxub, 13 mindən çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə əsasən, ötən yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 16 faiz, ölüm hallarının sayı isə 13 faiz azalıb.

Mütəxəssislər yoluxma hallarının sayında xüsusilə əhəmiyyətli azalmanı Şərqi Aralıq dənizi regionu (37 faiz) və Avropada (20 faiz) qeydə alıblar. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrika (64 faiz), Şərqi Aralıq dənizi regionu (35 faiz) və Avropada (30 faiz) azalıb. Bununla bərabər, bu say Cənub – Şərqi Asiya (15 faiz) və Qərbi Sakit Okean regionunda (3 faiz) artıb. Bir həftə ərzində xəstəliyə ən çox yoluxma halları barədə Yaponiya məlumat verib: – 1 milyon 258 min 772. Daha sonra Koreya Respublikası (743 min 487), ABŞ (576 min 437), Rusiya (288 min 580) və Almaniya (206 min 860) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox ölüm halı – 2 min 818 qeydə alınıb. Ondan sonra siyahıda Yaponiya (1 990), Braziliya (1 039), İtaliya (647) və Koreya Res­publikası (525) qərarlaşıb.

“Sağlamlığın Qorunması” İcti­mai Birliyinin sədri Yazgül Abdıyeva bizimlə söhbətində hazırkı vəziyyətlə bağlı bildirdi ki, ölkəmizdə yoluxma sayında artım olsa da, koronavirus çox sürətlə yayılmır: “Artıq kollektiv immunitet formalaşıb deyə korona­virus yavaş-yavaş hərəkət edir. Pik nöqtəyə çatmasına hələ var. Yəqin bu, payızda baş verəcək. Xəstəxana şəraitində müalicəsi tələb olunanla­rın sayı da çox deyil. Qeyd edim ki, karantin qaydalarının sərtləşdiriləcəyi, məhdudiyyətlərin olacağı barədə sosial şəbəkələrdə səsləndirilən xəbərlər heç də inandırıcı deyil. Hətta payızda belə, məhdudiyyətlərə gediləcəyini düşünmürəm. Lakin mas­ka tələbinin gündəmə gələ biləcəyi yoluxmanın sayından asılı olaraq, istisna edilmir. Çünki bir müddət öncə Səhiyyə Nazirliyi maska ilə bağlı bir neçə dəfə masləhət xarakterli fikirlər səsləndirib. Qurum tərəfindən insan­ların kütləvi toplaşdığı məkanlarda maska taxılması tövsiyə edilib. Doğ­rudur, yoluxma riski çox olan yerlərdə fərdi şəkildə bəzi insanlar maska taxır. Lakin yaxın gələcəkdə maska tələbi məcburi hal ala bilər.

Onu da qeyd edək ki, infeksionistlərin fikrincə, növbəti ildən koronavirusun hər il mövsü­mi xarakterli qrip kimi olacağı və bitəcəyi istisna edilmir. Yəni xəstəlik pandemiya formasında olmayacaq. Sadəcə, ölkəmiz üçün mövcud yo­luxma sayı çox hesab olunur, gələn ildən rəqəmlər azalacaq. Əslində, uzun müddət davam edən 500 – 700 rəqəmləri çox deyil. Yəqin ki, bir müddət sonra bunun statistikasını heç aparmayacaqlar. Çünki gələn ildən koronavirus aktuallaığını itirəcək”.

Mütəxəssis bildirdi ki, həqiqətən də ölkəmizdə koronavirusa yoluxma sayı ötən illərdəki vəziyyətə nisbətən çox azdır. 2020-ci ilin noyabr–dekabr aylarında gündəlik 4 mindən çox yoluxma, 40–50 arasında ölüm halı müşahidə edilirdi. Xəstəxanalarda çarpayı çatışmazlığı, “təcili yar­dım” maşınlarının çağırış çoxluğu səbəbindən ünvanlara gec, bəzi hallarda getməməsi hallarını unut­mamışıq. Amma hazırda vəziyyət elə də təhlükəli deyil. Ötən həftələrdə virusa yoluxma sayı 400–500, bəzən daha az, bəzi günlərdə isə və daha çox rəqəmlər arasında dəyişirdi. Son bir neçə gündür ki, yoluxma sayında enmələr müşahidə olunur. Sentyab­rın 14-də Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı 371, sağalanlar isə 508 nəfər olub Operativ qərargahın məlumatınaa görə, sent­yabrın 15-dək ölkədə ümumilikdə 818 min 634 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 806 min 701 nəfər müalicə olunaraq sağalıb, 9 min 873 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 60 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 664, indiyə qədər isə ümumilikdə 7 milyon 203 min 417 test icra olunub.

Yazgül Abdıyeva koronavirus əleyhinə peyvəndləmənin də qanuna­uyğun şəkildə davam etdiyini bildirdi. Sentyabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID – 19) infeksiyası əleyhinə 1613 doza vaksin vurulduğunu dedi. Qeyd etdi ki, operativ qərargahın məlumatına görə, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 567, ikinci doza vaksinlərin sayı 202, üç və daha çox doza vaksinlərin sayı 711, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 133-dür. Əlavə olaraq qeyd etdi ki, Azərbaycanda sentyabrın 15-dək vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 877 min 095, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 378 min 186, ikinci mərhələ üzrə 4 milyon 865 min 380, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 372 min 838, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 691-dir.

Mütəxissislə söhbətimizə əlavə olaraq onu da demək yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) bu günlərdə dərc edilən məruzəsində qeyd edilir ki, 3 milyard 85 milyon insanın tibbi yardım üçün müraciət etdiyi dünyanın səhiyyə müəssisələrinin yarısında əsas gigiyena xidmətləri yoxdur, buna görə də “onlar yüksək yoluxma riskinə məruz qalırlar”. Eyni zamanda, 688 milyon insan “ümumiyyətlə gigiyena xidmətləri göstərilməyən” klinika və tibb məntəqələrində müalicə olunurlar.

Məruzədə deyilir ki, Saxaradan cənubda yerləşən Afrika ölkələrində əllərin yuyulması üçün sabunla su tibb müəssisələrinin yalnız 37 faizində var. Latın Amerikası və Karib hövzəsi, eləcə də Cənub-Şərq və Şərqi Asiya dövlətlərində sanitar xidmətlər klinika­ların və tibb məntəqələrinin 3 faizində, Saxaradan cənubda yerləşən ölkələrin isə 22 faizində tamamilə yoxdur.

ÜST-nin ətraf mühit və sağ­lamlıq məsələləri departamentinin direktoru Mariya Neyra məruzənin dərc edilməsi ilə əlaqədar bildirib ki, gigiyenanın yaxşılaşdırılması korona­virus “pandemiyasından sonra bərpa, eləcə də digər yoluxucu xəstəliklərin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir”.

Professor Pavel Bakumov isə virus xəstəliklərindən sonra tez bərpa olmağın asan, təbii yolunu açıqla­yıb. O, pasiyentlərə duza qoyulmuş, fermentli kələm şorabası tövsiyə edib. Bildirib ki, xəstəlikdən, koronavirus­dan sonra reabilitasiyada əsas rolu düzgün qidalanma oynayır: “Ümumi fikir var ki, xəstəlikdən sonra zəifliyin səbəbi avitaminozdur. Bu belə deyil. Tez yorulmanın səbəbi tənəffüsün, oksigenin pozulmasıdır, buna aste­nik sindrom deyilir. Digər adı xroniki yorğunluq sindromudur. Buna görə xəstəlikdən sonra tez ayağa qalxmaq, əvvəlki kimi enerjili olmaq üçün sin­tetik vitaminlərə qaçmaq lazım deyil. Birincisi, orqanizmə lazım olan kalori­nin miqdarı verilməlidir. Bu, günlük 2 min kaloridir. Ağır çəkililərdə bu daha çoxdur. Burda ən vacibi zülal – ət qi­dalarıdır. Sutkada hər kiloqram bədən çəkisinə 1,5 qram zülal, ağciyərləri bərpa etmək üçün yağlar, pozulmuş bağırsaq mikroflorasının bərpası üçün isə kələm şorabası lazımdır. Bir də bədəni yormamaq şərtilə açıq havada gəzintinin müsbət təsiri var”.