Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.