Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirildi – Fotolarbackend

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib. 

“Yeni Gundem” xəbər verir ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Xaçmaz RİH başçısı Elnur Rzayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib. Festivalda bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb.