Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı dünən başa çatıb.
Milli Xalça Muzeyindən “Yeni Gundem” e verilən məlumata görə,festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış etmək olub. Və bu istəyimizə nail olmaq üçün gördüyümüz işlər artıq öz bəhrəsini verir”. Şirin xanım muzeyin uşaqların sevimli məkanına çevrilməsindən, Uşaq şöbəsinə üz tutan balaca dostların ilbəil artmasından məmnunluğunu diqqətə çatdırıb. Tədbirin Yeni il ərəfəsində keçirilməsinin uşaqların sevincini daha da artırdığını deyib.
300 nəfərdən artıq uşağın qatıldığı festivalın açılış mərasimində 3 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, Üzeyir Hacıbəylinin Ev Muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının kollektivi, “Çiçəyim” uşaq teatrının üzvləri, “Azəri inciləri” rəqs kollektivi çıxış edib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu ifalardan sonra muzeyin Uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə bir-birindən gözəl əl işlərindən ibarət sərgi açılıb.
Tədbirdə Misirin Azərbaycandakı səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara əsrarəngiz Misir nağılları oxuyub. Balaca dostlar suvenir xalça, qar adamı yumşaq oyuncağı, yeni il açıqcası və s. hazırlanması, şəddə toxunması üzrə ustad dərslərə qatılıb, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Onlar üçün əyləncəli viktorina, maraqlı kvest oyunu keçirilib, “Məlikməmmədin nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” kukla tamaşaları və “Xalçaların bəhsi” tamaşası göstərilib.
Festival çərçivəsində uşaqlar üçün yazılmış “Azərbaycanın sehirli abidələri” kitabının müəllifi, memar Elçin Əliyevlə, “Çimərlikdə” uşaq kitabının müəllifi Lalə Məlik və nəşrin illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüş imkanı qazanan tədbir iştirakçıları kitab və digər hədiyyələr əldə ediblər. Onlar Gürcüstan Milli Qeştalt İnstitutunun mütəxəssisi Zaira Nadiraşvilinin art-terapiya, “Nur” uşaq xor studiyasının bədii rəhbəri, xor dirijoru Mələk Vəlizadənin musiqi terapiyası təlimlərinə də qatılıblar və bu görüşlərdən böyük zövq aldıqlarını bildiriblər.
Bunlarla yanaşı, festivalın ikinci günü iştirakçılar möhtəşəm karnaval həyəcanı yaşayıb. Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışı, karnavala qatılanlar arasından ən yaxşı geyim – “Miss&Mister” nominasiyası üzrə qaliblərin seçilməsi, onlara hədiyyələrin təqdim olunması, Transformers Bumblebee şou balaca dostların böyük sevinci və coşqusuna səbəb olub.
Festivalda həmçinin Azərsun Holdinq şirkəti uşaqlara hədiyyələr təqdim etdi. Misir, İran, Macarıstanın Azərbaycandakı səfirliklərinin, Monteneqronun ölkəmizdəki konsulluğunun əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi və muzeyin Uşaq şöbəsi tərəfindən xeyriyyə satış-yarmarkası təşkil olunub. Qeyd edək ki, satış-yarmarkasından əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.
Bir sözlə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbir rəngarəng, zəngin proqramı ilə uşaqlara xəyallarından silinməyəcək festival həyəcanı yaşadıb, eyni zamanda, onlara yeni-yeni dostlar qazandırıb.