Prezident İlham Əliyev oktyabrın 12-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
“Yeni Gündəm” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyi Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirəcək.
Sərəncamda bildirilir ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib.