Xanlar Fətiyevin seçkidə rəqibi qohumudurbackend

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bəzi dairələr var ki, YAP namizədi kiminlə mübarizə aparacağını heç özü də bilmir. Tribunainfo.az xəbər verir ki, belə namizədlərdən biri də Xanlar Fətiyevdir.

98 saylı Tərtər-Bərdə Seçki Dairəsindən YAP-ın namizədi olaraq irəli sürülmüş Fətiyev, bir xeyli əvvəl də parlamentdə təmsil olunub. Lakin bəzi əməlləri səbəbindən yenidən Milli Məclisdə təmsil olunmaq şansını itirib. Bunun səbəbi kimi, “Gəncə Avtomobil Zavodu”nun rəhbərinin Almaniya macəraları göstərilir. Belə ki, onun Almaniyada şirkət açaraq, pullarının bir hissəsini ora transfer etməsi olub. Bundan başqa, onun Gürcüstanda da heç də kiçik olmayan sərvəti barədə xeyli əvvəldən məlumat verilib.

İndi isə Fətiyev kiminlə mübarizə aparacağını bilmir. Çünki 98 saylı Tərtər-Bərdə seçki dairəsində “dişə vurulası” namizəd yoxdur.

Tribunainfo.az xəbər verir ki, Fətiyevin “əsas rəqibləri” ya bağça müdirləridir, ya da işsizlər. 98 saylı dairədən parlament seçkilərində namizəd olanlardan biri Bərdə Xəstəxanasının mühafizəçisidir. Ruslan Abbasovun seçkilərə niyə qatılmasını heç özü də bilmir.

Gülsüm Babayeva isə Bərdədəki 1 saylı uşaq evinin müdiridir. İddialara görə, onun namizədliyini özü yox, elə yaxın adamı olan Xanlar Fətiyev irəli sürüb. Uzaq qohumluq əlaqəsi səbəbindən Bərdədə bağça müdiri olan Gülsüm xanım, bu şəkildə “borcunu qaytarmaq” fikrindədir.

Seysmoloq Gəray Əsədov isə “Azad Vətən” adlı təşkilatı təmsil edir. Bu təşkilatın harada, kimlər tərəfindən yaradıldığı bir kənara, haqqında belə məlumat tapmaq müşkül məsələdir.

Xanlar Fətiyevin bir başqa “rəqibi” isə işsiz Qulu Qurbanovdur. Məhluqə Məhərrəmova isə “Əlil Qadınlar Cəmiyyətinin” sədridir və onun namizədliyi isə Bərdə İcra Hakimiyyətinin dəstəyi ilə irəli sürülüb ki, namizəd sayı çox olsun.

Sözügedən seçki dairəsində siyasi partiyaları təmsil edən iki namizəd də var. Onlardan biri ÜMİD partiyasının namizədi Namiq Səfərov, digəri isə KXCP-nin namizədi Hüseyn Bayramovdur. Hər iki şəxs işsizdir, namizədlikləri isə təmsil olunduqları partiya tərəfindən irəli sürülüb.

Bütün bunların fonunda Fətiyevin qalib gələcəyi şübhə doğurmur. Tribunainfo.az-a verilən məlumata görə, yaxın günlərdə oliqarx namizəd bəzi öz adamı olan namizədlərin geri çəkilməsi və onun xeyrinə namizədliklərini geri götürülməsi şousu düzəldəcək. Hətta bunun üçün büdcə belə ayırıb. Yəqin ki, “Pir qələbəsi” qazanması üçün Xanlar Fətiyev mühafizəçini, qohumunu “geri çəkdirəcək”.