Xaos: 10 min çamadan sahiblərinə çatdırılmadıbackend

Güclü qar Almaniyada həyatı iflic edərkən, Münhen hava limanında yüzlərlə reys təxirə salınıb və 10 min çamadan sahiblərinə çatdırıla bilməyib.

Almaniyada ötən həftə yağan güclü qar həyata mənfi təsir göstərib. Qəfil yağan qar nəticəsində bir çox şəhərlər ağ örtüklə örtülüb. Təyyarə və qatarların hərəkətində fasilələr olsa da, bəzi bölgələrdə məktəblər bağlanıb. Ölkənin cənubunda yerləşən Bavariya əyalətinin paytaxtı Münhendə qarın qalınlığı 40 santimetrə çatıb və 770 aviareys təxirə salınıb.

 Münhen hava limanında buzlanma səbəbindən baqajın çatdırılmasında problemlər yaşanmaqda davam edir.

Hava yolu şirkəti Lufthansa tərəfindən edilən açıqlamada Münhendə 10 min çamadanın çatdırıla bilmədiyi və bu rəqəmin 15 minə yüksəlməsinin gözlənildiyi bildirilib. Açıqlamada, sahiblərinə çatdırıla bilməyən çamadanların böyük bir təyyarə anqarında saxlandığı, çamadanların bir hissəsinin isə hələ buzları çözülməmiş təyyarələrdə olduğu bildirilib.

Ölkənin şimalında yerləşən Hamburq şəhəri qardan mənfi təsirlənən şəhərlər sırasında olub. Güclü qar səbəbindən magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb, ictimai nəqliyyatda aksamalar yaranıb. Qarla örtülmüş Hamburq hava limanı saatlarla aparılan işlərlə təmizlənib.

Yağışlar Frankfurt hava limanında da hava hərəkətinə mənfi təsir göstərib. Bazar ertəsi axşam Frankfurt hava limanında uçuş və enişlərdə gecikmələr olub və 20 reys ləğv edilib.

Havanın temperaturunun gündüz 2-3 dərəcə, gecə isə mənfi 2 ilə mənfi 4 dərəcə arasında olduğu ölkədə həftəsonundan başlayaraq istilər yenidən artmağa başlayacaq. Bəzi bölgələrdə həftə içi temperaturun 10-12 dərəcəyə qədər yüksələcəyi təxmin edilsə də, havaların istiləşməsi ilə qısa müddətdə buzlaşmanın aradan qalxacağı gözlənilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal