Son günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra abidə ziyarətçilər üçün əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.
Qeyd edilir ki, həmin küçədə hərəkətin intensiv olması ilə əlaqədar yolun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb, onu ziyarət etmək istəyənlər üçün çətinlik yaradırdı. Bununla bağlı yaranan narazılıqlar ara-sıra sosial şəbəkələrdə də dilə gətirilirdi.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə müraciət etsək də, bu barədə geniş məlumat verilməyib.