Qəbələ Azərbaycanın qədim və gözəl güşələrindən biridir. Qəbələnin qədim tarixə malik olması, əlverişli coğrafi şəraitdə yerləşməsi, günü-gündən inkişaf edən mədəniyyəti dünyaya səs salır. Öz yüksək musiqi-mədəni mühiti ilə hər zaman seçilən Qəbələ şəhəri bu il yenə də öz musiqisevərlərini sevindirəcək. 2009-cu ildə əsası qoyulan və ötən müddətdə dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Musiqi Festivalı XII dəfə sənətsevərlərin görüşünə gələcək. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, həmçinin Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirlikləri, Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən – avqustun 4-dək reallaşacaq.
YeniGündəm xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamovanın festival haqqında qələmə aldığı yazıda yer alıb.
Müəllif yazıda qeyd edir: “Builki festival əlamətdar bir hadisəyə həsr olunub. Məlum olduğu kimi bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından uzaqlarda təmsil edən, öz yaradıcılıqları ilə tanınan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bununla bağlı Respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, sonuncu festival 2019-cu ildə keçirilib. Lakin məlum hadisələrlə əlaqədar, pandemiya dövrünə düşdüyü üçün ötən ilin yayında bu festivalın keçirilməsi mümkün olmadı. Bu il karantin şərtləri bir qədər yumşaldığı üçün XII Qəbələ Musiqi Festivalını keçirmək mümkün olacaq. Heydər Əliyev Fondu tərəfindən əsası qoyulan bu möhtəşəm incəsənət layihəsi hər il azərbaycanlılarla yanaşı, dünyanın tanınmış kollektivlərini, solistlərini bir araya gətirib. Müxtəlif ölkələrdən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna, İsrail və s.) məşhur kollektivlərin, solistlərin və dirijorların qatıldığı Qəbələ festivalı hər dəfə yaddaşlarda silinməz izlər buraxmış, tamaşaçılara xoş anlar yaşatmışdır. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib – Dmitri Yablonski (festivalın bədii rəhbəri, Rusiya-ABŞ); Oksana Yablonskaya, Pavel Serbin (violin ifaçısı, Avstriya), Anastasiya Jivotovskaya (pianoçu, Rusiya), Cankarlo de Lorenzo (İtaliya Simfonik Orkestrinin dirijoru), Aleksey Miltıx (Azərbaycanın Əməkdar artisti, violonçel ifaçısı, Ukrayna), Aleksandr Qindin (rusiyalı pianoçu), Luis el Qranaino (“Barselona və Flamenko” ansamblının üzvü, İspaniya), Janna Qandelmann (violin ifaçısı, İsrail), Pol Mayer (fransalı dirijor), Taras Yaropud (violin ifaçısı, Ukrayna), Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları. Bu, əlbəttə, Azərbaycan musiqisinin dünyada tanıdılması üçün böyük imkanlar yaradır. Festivalın müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq musiqi bayramı haqqında, ölkəmizin zənginlikləri barədə təəssüratlarını bölüşüblər. Təəssüflər olsun ki, bu il məlum hadisələrlə əlaqədar xarici ölkələrdən qonaqların iştirakı nəzərdə tutulmayıb”.
Festivalda iştirak edən orkestrlər və tanınmış şəxslərlə bağlı məlumat verən müəllif əlavə edib: “Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, Əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və digərləri öz maraqlı konsert ifaları ilə çıxış ediblər. Xüsusən bu festivallarda Azərbaycan Milli Konservatoriyasının dəyərli muğam ustadları və onların tələbələrinin çıxışları, dahi Üzeyir bəyin ölməz operalarının məhz bu xanəndələr tərəfindən ustalıqla ifaları da hər zaman musiqisevərlərin dərin rəğbətini qazanıbdır. Festivallarda Xalq artisti, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə çıxış etmişlər. Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının builki proqramı çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Bu festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub”.
“Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, festivalın koordinatoru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə, festivalın təşkilat komitəsinin üzvləri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov; festivalın aparıcıları Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.
İlk olaraq iyulun 31-də saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Leyla Zeynalova (piano), Atabala Manafzadə (piano), Cəmil Sədizadə (piano), Rəşid Behbudov (piano), Jalə Mayılova (piano), Osman Mustafazadə (violin), Səbinə Muradova (piano), Orxan Hüseynov (violonçel), Zərrin Əliyeva (violin), Aysel Abdullayeva (violin), Nigar Həsənli (viola), Nicat Məmmədov (fleyta), Gülər Ağayeva (piano, Mehman Səlimov (truba), Kənan Xəlilzadə (klarnet), Nigar Əsgərova (vokal), Sübhan Rüstəmov (vokal), Fəqan Həsənli (piano) çıxış edəcəklər.
XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifası ilə baş tutacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadə və orkestr rəisi, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi ilə hərbi dirijor baş leytenant Elnur Qurbanov və solistlər Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban), Anar Hüseynovun (nağara) ifası dinləniləcək.
Növbəti gün saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.
Axşam isə Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera orkestri”nin konserti gözlənilir.
Avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzi öz tamaşaçılarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti ilə sevindirəcək. Həmin gün saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Muğam Axşamı “Zəfər muğam kompozisiyası” muğamsevərlərin ürəyincə olacaq. Növbəti günün konsert proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı müəllimlərinin ifasında bir-birindən maraqlı əsərlər dinləniləcək. Axşam isə açıq səhnədə Bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti baş tutacaq. Avqustun 4-də 17.00-da Konqres Mərkəzində Respublika və Beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.
XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı həmin gün saat 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti əsasında Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə “Viva opera” ilə olacaq. Ümid edirik ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqların yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaq”, – deyə yazıda qeyd edilir.