Yanıq ağrılarını azaldan və xərçəngi müalicə edən sarğı ixtira olundu – VİDEObackend

Kanadalı alimlər tibb elmində böyük nailiyyətə imza atıblar. Belə ki, yanıq yaralarında pasiyentlərin ağrısını azaldacaq və xərçəngin müalicəsi zamanı xəstələrin müalicəsini rahatladacaq hidrogel sarğı materialı hazırlanıb.

Bu barədə Vaterloo Universiteti məlumat yayıb.

Bildirilir ki, çox ciddi şəkildə yanmış insanların müalicəsi zamanı davamlı olaraq sarğı dəyişilməlidir. Ancaq sarğı xəstə toxumaya yapışdığı üçün onu qoparmaq böyük ağrılar yaradır, bu səbəbdən müalicə problemli olur.

Bunun öhdəsindən gəlmək üçün Vaterlooda kimya mühəndisliyi professoru olan Boksin Çjao və onun həmkarları yeni bir polimer sarğı növü hazırlayıblar.

Yeni ixtirada 3D printerin köməyi ilə sarğı zərər görmüş dəri sahəsinin formasında hazırlanır. Bu, sarğının burun və barmaqlar kimi düzgün olmayan formalı səthlərlə yaxşı təmasda olmasına imkan verir.

Material dəriyə asanlıqla yapışdırıla və çıxarıla bilir. Eyni zamanda, ona dərman hopdurmaq mümkündür, bundan sonra preparatlar tədricən dəriyə daxil olur.

Hidrogel sarğı materialı həmçinin xərçəngi müalicə etmək üçün də istifadə edilə bilər. Ənənəvi kimya terapiyasında xəstənin bir neçə saat klinikada qalması lazımdır, ancaq bu çox yorucudur və narahatlıq yaradır. Hidrogel sarğı isə həkimlərin nəzarəti olmadan dərmanın mütəmadi ötürülməsini təmin etməklə müalicəni asanlaşdıra bilər.

Alimlər bildiriblər ki, hidrogel material dəniz yosunlarından əldə edilən biopolimer, termohəssas polimer və sellüloza nanokristallarından hazırlanır.

(Videoda sarğısının multi-termal aspektləri nümayiş etdirilir. Kadrlardan aydın olur ki, sarğı yalnız bədən istiliyində yapışır)