Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində oktyabrın 6-da Ankarada Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya ilə görüş keçirilib.
Türkiyə ilə Azərbaycanı ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlərin birləşdirdiyini söyləyən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini ölkələrimiz arasındakı münasibətlərin dünyada bənzəri olmadığını qeyd edib. O, Azərbaycanın möhtəşəm Qələbəsindən sonra regionda yeni reallıqların yarandığını, bu tarixi mərhələnin ölkələrimiz və partiyalarımız üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirib. “Hazırkı gerçəkliklər və aktual çağırışlar Azərbaycan ilə Türkiyənin hakim partiyaları arasında təmasların gücləndirilməsini, əməkdaşlığın genişləndirilməsini zəruri edir” ,- deyən Z.Sırakaya istər dövlətlərimizin, istərsə də iqtidar partiyalarının birgə mühüm nailiyyətlərə imza atacaqlarına əminliyini ifadə edib.
AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini təyin edilməsi münasibətilə Zafer Sırakayaya bir daha təbriklərini çatdıran və fəaliyyətində uğurlar arzulayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dərin köklərə malik, dostluq, qardaşlıq və strateji müttəfiqlik zirvəsində olan Azərbaycan-Türkiyə münasibətlərinin bir çox sınaqlardan uğurla çıxdığını və nümunəvi xarakter daşıdığını söyləyib. O, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin 44 günlük Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, Türkiyənin Azərbaycana haqq işində göstərdiyi mənəvi-siyasi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını vurğulayıb. Postkonflikt dövründə Azərbaycan ilə Türkiyənin milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun müştərək fəaliyyətinin regionda yeni geosiyasi nizam yaratdığını vurğulayan Tahir Budaqov “Bu əməkdaşlıq istər bölgədə sülh və təhlükəsizliyin təmin olunması, istərsə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması baxımından son dərəcə önəmlidir” ,- deyə bildirib.
YAP Sədrinin müavini Azərbaycan ilə Türkiyənin siyasi gündəliyində iqtidar partiyaları arasında əməkdaşlığın dərinləşdilməsinin mühüm yer tutduğunu diqqətə çatdırıb. O, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti qeyd edib. YAP Mərkəzi Aparatının rəhbəri dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən qarşılıqlı səfərlərin davamlı xarakter daşıdığını və sinxron fəaliyyət nəticəsində diqqətəlayiq uğurların qazanıldığını vurğulayıb, hər iki ölkənin mənafeyinə xidmət edən əməkdaşlığın bundan sonra daha da məhsuldar olacağına əminliyini ifadə edib.
Tahir Budaqov Ədalət və İnkişaf Partiyasının oktyabrın 7-də baş tutacaq IV Fövqəladə Böyük Qurultayının uğurlu olacağına əminliyini ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyəti adından AK Partiyə müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri – YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.