Yardım paketi Qəzzada dinc əhalinin üzərinə düşüb… Ölənlər və yaralananlar varbackend

Paraşütü açılmayan yardım paketi Qəzzada dinc əhalinin üzərinə düşüb… Ölənlər və yaralananlar var

Qəzza zolağında havadan düşən yardım paketinin paraşütü açılmadığı üçün 5 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Qəzza zolağında İsrail dinc əhaliyə qarşı amansız qırğınlarını davam etdirir. Blokadaya görə Qəzza əhalisi aclıq təhlükəsi ilə üz-üzədir. Bölgə əhalisinə havadan yardım konteynerləri atılarkən, paraşütü açılmayan yardım paketi fəlakətə səbəb olub.

CBS News-un Həmas rəsmilərindən əldə etdiyi məlumata görə, havadan yerə düşən yardım konteynerinin paraşütü açılmayıb. Yardım paketini gözləyən 5 mülki şəxs konteynerin altına düşərək faciəvi şəkildə həyatını itirdi. Hadisə Qəzza zolağının şimalında yerləşən Əl-Şati düşərgəsində baş verib. 2-si uşaq olmaqla 5 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı bildirilib. Xəsarət alanların yaşlarının 30-50 arasında olduğu qeyd edilib.

Sosial mediada yayımlanan videoda paraşütlərlə asılmış böyük bir dəstə yardım paketinin səmada süzüldüyü, ancaq paraşütü tam açılmayan bir paketin digərlərindən çox daha sürətli düşdüyü görünür. Qəzzada humanitar vəziyyət günü-gündən ağırlaşsa da, İsrail yardımların bölgəyə daxil olmasına icazə vermir. Müxtəlif ölkələr aclıq təhlükəsi ilə mübarizə aparan mülki insanlara hava yolu ilə qida çatdırmağa çalışır.

Birləşmiş Millətlər Təşkilatı Qəzzanın təxminən 2,3 milyon sakini arasında geniş yayılmış aclıq barədə xəbərdarlıq edib. ABŞ isə hava yardımının yetərli olmadığını etiraf edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal