Yol polisi avtoxuliqanlıq edən şəxsi saxladıbackend

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

“Yeni Gündəmə” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Rayon sakini Emil Mehbalıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib.