Zeytun yağı rəflərinə zəncirlər qoyuldubackend

İspaniyada zeytun yağının bahalaşması səbəbiylə oğurluq hadisələrinin artması ilə supermarketlər tədbir görməyə başlayıb.

“Yeni Gundem” xəbər verir ki, dünyanın ən böyük zeytun yağı istehsalçısı olan İspaniyada məhsulun litrinin qiyməti 15 avroya yüksəlib.

Supermarketlər kosmetika, içki və elektron cihaz şöbələri ilə yanaşı həmçinin zeytun yağı şüşələrinə də təhlükəsizlik siqnalları quraşdırmağa başlayıblar.

İspaniyanın cənubunda Əndəlüsdə 30 filialı olan “Tu Super” supermarketlər şəbəkəsinin baş direktoru Ruben Navarro, “Oğurluq hadisələrində ciddi artım var. Zeytun yağı yüksək qiymətlərə görə oğruların hədəfindədir” deyib.

“Oğurluq hadisələrindən narahat olan bəzi əməkdaşlarımız işdən çıxıblar”

Navarro 5 litrlik zeytun yağı şüşələrinin yerləşdiyi rəflərə asma kilidli zəncirlər taxdıqlarını da bildirib.

Bundan əlavə, bəzi supermarket şəbəkələri paytaxt Madriddəki filiallarında litrlik zeytun yağı şüşələrinə təhlükəsizlik siqnalları quraşdırıb.

“Reuters”in məlumatına görə, ölkənin cənubundakı quraqlıq zeytun məhsuluna mənfi təsir göstərdiyi üçün son iki həftədə qiymətlər 150 faiz artıb. Dövlətin müəyyən etdiyi rəqəmlərə görə, bir litr zeytun yağının qiyməti 8 avro olsa da, bəzi brendlərin 1 litr sızma zeytun yağının qiyməti 15 avroya qədər qalxır.

İspaniya polisi, bu ay 56 ton sızma zeytun yağı oğurlanması ilə əlaqədar başladılan istintaqda iki adamın nəzarətə alındığını açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal