2023-cü ilin büdcəsinə dəyişikliklərdən sonra hansı xərclər artırılacaq?backend

Xəbər verdiyimiz kimi, 20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.İclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı Hökumətə verdiyi tapşırıqlar, o cümlədən, Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş müzakirə olunub.

2023-cü ilin büdcəsinə dəyişikliklərdən sonra hansı xərclər artırılacaq?

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Millət vəkili, iqtisadçı Vüqar Bayramov açıqladı ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb.

“İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev hökumətə tapşırıqlar verib. Belə ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.

V.Bayramov bildirdi ki, büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir.

“Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri 33.3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əmək haqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir. Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”,- deyə o qeyd etdi.

Fərahim Rəhimov