Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun təqdimatında “İslamda qurban ibadəti” mövzusunda seminar təşkil olunub.
“Yeni Gundem” xəbər verir ki,Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda maarifləndirmə mahiyyəti daşıyan seminarların təşkil olunmasının, artıq ənənə halını aldığını qeyd edib. İ.Əlimuradov seminarın mövzusunun Qurban Bayramı ilə bağlı olduğunu bildirib.
“İslamda qurban ibadəti” mövzusunda çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Ə.Niyazov bayram haqqında ətraflı məlumat verib. Qurban Bayramının tarixi əhəmiyyətindən bəhs edən Ə.Niyazov bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bütün ilahi dinlərdə mövcud olub.
Ə.Niyazov daha sonra qeyd edib ki, İslam dünyasının müqəddəs mərasimlərindən sayılan Qurban Bayramı bütün müsəlman ölkələrində xüsusi təntənə ilə keçirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban Bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd olunur. Bu bayramın məqsədi xeyirxahlıq, paklıq, Allaha inam və sevgidir. Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini aztəminatlı ailələrlə bölüşmək, onları sevindirmək, insanları həmrəyliyə, dostluğa, qardaşlığa, halallığa, paklığa səsləmək bayramın mahiyyətini təşkil edir.
Ə.Niyazov Qurban Bayramının müsəlmanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıb. İctimai sosial ədalətin yerinə yetirilməsi baxımından, Qurban Bayramını insanlar üçün bir fürsət kimi dəyərləndirib.
Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.