“Analığımla rəqabətə girə bilməzlər” – QALMAQALbackend

Müğənni Elnarə Xəlilova ilə prodüser Tolik (Tarix Əliyev) arasında qalmaqal yaranıb.

“Yeni Gündəm” xəbər verir ki, buna səbəb Tolikin Elnarənin illər əvvəl verdiyi müsahibəni instaqram səhifəsində paylaşaraq onun “Törəmək üçün doğulmuşam” fikirlərini tənqid etməsi olub.

“Allah bütün analara övlad dünyaya gətirmək xoşbəxtliyi nəsib etsin. Amma qadın yalnız törəmək üçün dünyaya gəlib? Elnarə yaxşı anadır, sənətini uşaqlarına qurban verib”,- deyə o, qeyd edib.

Elnarənin isə Tolikə cavabı gecikməyib. Xəlilova həmin posta şərh yazaraq bildirib ki, illər əvvəl verilən açıqlamanın yenidən gündəmə gətirilməsi mənasızdır:

“8 il bundan öncə olan müsahibəm indi yadınıza niyə düşdü, Tarix bəy? Bir düşünək… Ad günüm də deyil ki, deyim yadına düşmüşəm. Bilirəm, hamısı böyük sevgidəndir… Bəlkə yeni klipim çıxacaq ona görə yadınıza düşmüşəm? Axı diqqəti başqa yerlərə yönəltmək lazımdı, analıq filan.

Əgər siz belə şeylərə əl atmağa başlamısızsa, demək ki, hər şey qaydasındadır və mən düz yoldayam. “Komplimentlərə” görə də təşəkkür. Çünki mən bir çoxlarından fərqli olaraq həqiqətən yaxşı anayam. Bir çoxlarına nümunəyəm. O ki, qaldı qurbanlara – ayda bir mahnı çıxaran və 2 ayda bir klip çəkən adam heç vaxt sənətini qurban verə bilməz. Misal çəkə biləcəyin biri varsa, mənim kimi məhsuldar sənətçinin adını çək. Analığımla rəqabətə ümumiyyətlə girə bilməzlər”.

Sözügedən gərginlikdən sonra pop ifaçısı instaqramda adçəkmədən post paylaşaraq onu qınayanlara da müraciət edib: “İt dünyanın ən vəfalı, sadiq canlısıdır. Vay o günə ki, xoruz olasan! Deyirlər ki, vaxtsız ötən xoruzun başı bədəninə ağırlıq edir. Yəni ki, ağıllı olun”.

Həmçinin Tolik də status yazaraq həmin ifaçının videosuna “TikTok”da rast gəldiyini, yenidən axtarıb tapmaq üçün vaxt sərf etmədiyini bildirib.