Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Aselsan-Bakü”də şirkətin direktoru Özgür Kürümlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı, şirkət tərəfindən AzTU-nun tələbələrinin cəlb olunduğu təqaüdlü təcrübə proqramındakı iştirakları müzakirə edilib.
“Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm bildirib ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Sistem mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə təhsil alan III və IV kurslardan seçilən 7 tələbənin təqaüdlü təcrübə proqramında uğurlu iştirakı pandemiya dövrü ilə əlaqədar müvəqqəti dayandırılıb. Görüşdə AzTU-nun məzunları olan və hazırda şirkətdə mühəndis vəzifəsində çalışan Əli Məmmədov, Rahil Əliyev, aparıcı mühəndis Müslüm Səmədov tələbələrin “Aselsan-Bakü“də ixtisaslı kadr kimi hazırlandıqlarını bildirib. Özgür Kürüm gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.
Sonda şirkətinin direktoru görüşdə iştirak edən “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin tələbələrinə tədris prosesində praktiki bacarıqlarını inkişaf etdirə biləcək elektronika avadanlıqları hədiyyə edib.
Qeyd edək ki, “Aselsan-Bakü” şirkəti Türkiyənin müdafiə sənayesinin qabaqcıl və lider şirkəti olan Aselsan A.Ş.-nin 100% sərmayəsi ilə 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir.