ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə TƏYİNATbackend

Albaniyanın sabiq xarici işlər naziri, bu ölkənin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ditmir Buşati ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə məlumat ATƏT PA-nın saytında dərc edilib.

Bildirilib ki, albaniyalı diplomatın mandatına bölgədəki ümumi siyasi vəziyyəti izləmək və regionda uzanan münaqişələrlə əlaqədar barışıq və reabilitasiyanı təşviq etmək üçün cəmiyyətin bütün təbəqələrində, xüsusən də parlament səviyyəsində dialoqu təşviq etmək daxil edilib.

Qeyd olunub ki, D. Buşatiyə ATƏT öhdəliklərinin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasi həll yollarının müəyyənləşdirilməsi və həyata keçirilməsinə imkan verən əlverişli şəraiti formalaşdırmaq üçün qarşılıqlı etimad yaradan tədbirlərin görülməsi yollarını nəzərdən keçirmək tapşırılıb.

D. Buşatinin mandatına, eyni zamanda, ATƏT-in sədrliyi və icra strukturları, Minsk qrupu və onun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə yaxından işləmək, Cenevrə Beynəlxalq Müzakirələrinin gedişatını izləmək də daxil edilib.