“AXC-yə belə müdafiə heç lazım da deyil”backend

Mən onların AXC-nin məlum qərarına etirazlarını bildirmələrinə diqqət çəkdim. Onların adlarının tarix dərsliklərinə salınmaması manqurt düşüncəli insanların, saxtakarların əməllərinin nəticəsidir. Azərbaycan Prezidenti mükəmməl bir siyasətçidir, hər dövlətin rəhbəri ilə öz dilində danışmağı bacarır, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur. Avropa dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevin qoca qitəni fəth etməsindən heyranlıqla danışırlar.

 “Yeni Gundem” xəbər verir ki, bu sözləri AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov bildirib.

Onun sözlərinə görə ,bir  çoxları tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsini müxtəlif səbəblərlə izah edir və buna haqq qazandırmağa çalışırlar

“Belə bir siyasətçinin yanaşması, mövqeyi ortada ikən bəzi saxtakarların AXC nin yalançı müdafiəçilərinə çevrilmələrinə ad tapmaq mümkün deyil. Azərbaycanda xalq Prezidenti sevir və Onu yekdilliklə dəstəkləyir. Təəssüf ki, bununla yanaşı, son 200 ildə olduğu kimi, yenə də Azərbaycana xələl gətirənlər var içimizdə. Onlar gerçək tariximizin dərsliklərə salınmasını və gənc nəslə çatdırılmasını da istəmirlər. Yəqin ki, bundan sonra belələrinin “fəaliyyətlərinin” qarşısı da birdəfəlik alınacaq.Bir çoxları tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsini müxtəlif səbəblərlə izah edir və buna haqq qazandırmağa çalışırlar. Ancaq heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Prezident İlham Əliyev bəhs olunan görüşdə bildirib: “Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi.

1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.İrəvanın güzəştə gedilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində Ermənistan Respublikası Türkiyə və Azərbaycan qarşısında öz üzərinə aşağıdakı öhdəlikləri götürmüşdü:

1. Ermənilər türk-müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı, erməni hərbi hissələrini Bakıdan çıxarmalı və Şaumyanla əlaqəyə girib Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər;
2. Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilməkdə olan kütləvi qırğınlar dayandırılmalı idi;
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi;
4. Ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan ərazi iddialarından imtina etməli idilər.

Bütün bu öhdəliklər tərəflər arasında imzalanan razılaşma, protokol və 4 iyun 1918-ci il tarixli Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsi və əlavə müqavilələrdə və Aleksandropol protokollarında təsbit edildi. Bununla belə,  ermənilər məqsədlərinə nail olduqdan sonra bu öhdəliklərin heç birini yerinə yetirmədilər. Heç bir halda ermənilərin hiylələrinə və vədlərinə aldanmaq olmazdı. Nə qədər çətin proseslər getsə də, qətiyyət göstərilməli idi. Mən AXC-nin məlum qərarına hansısa bir formada haqq qazandıranlara sual verirəm: Bu gün biz İrəvana, Göyçəyə, digər tarixi torpaqlarımıza gedə bilirikmi? Yox! Bu gün tarixi torpaqlarımızda bir nəfər də olsun azərbaycanlı yaşayırmı? Yox! Prezident İlham Əliyevin bildirdiyi kimi, ermənilər İrəvanın onlara güzəşt edilməsi ilə nəinki kifayətlənmədilər, hətta daha böyük iddialar irəli sürdülər, ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirdilər. Hətta 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən də dərs almayıblar, yenə də absurd iddialarını səsləndirirlər. Prezident çox doğru olaraq tarixin qaranlıqlarını işıqlandırır. Bəzilərinin isə sanki qarınlarına sancı dolub. Burada heç də söhbət cümhuriyyəti yaradanları ittiham etməkdən getmir. Mən tarixə istinad etmək istəyirəm: Biz görürük, Fransanın və yaxud başqa bir Avropa dövlətinin ərazilərini bölmək olmaz. Azərbaycana gəldikdə isə, bu, niyə məqbul sayılmalıdır?  Biz 1905-1906-cı illərdə Bakıda, Şuşada ermənilərə layiqli şəkildə cavablarını verirdik. 1918-ci ildə isə söhbət müstəqil dövlətimizin yaradılmasından gedirdi. Deməli, daha qətiyyətli olmalı idik. İndi bəziləri iradlar səsləndirirlər, AXC-ni kortəbii olaraq müdafiə edirlər. AXC-yə belə müdafiə heç lazım da deyil. Prezident İlham Əliyev tarixə obyektiv qiymətini verib. Söhbət 44 günlük müharibəni Qələbə ilə başa çatdıran dövlət başçısının iradəsindən gedir. Yaddan çıxarmamalıyıq ki, ölkəmiz bu müharibəni heç də kiçik, zəif Ermənistana qarşı yox, həm də bu ölkəyə havadarlıq göstərən böyük güclərə qarşı aparıb və bütün müqavimətləri qıraraq özünün ərazi bütövlüyünə nail olub. Biz tariximizi gələcək nəsillərə olduğu kimi çatdırmaqla özümüzü növbəti faciələrimizdən hifz etmiş oluruq. Dövlət başçımızın yanaşması da məhz bu məqsədə xidmət edir. Saxta qəhrəmanlar həmişə olub. Biz onlara öz yerlərini göstərməliyik və göstəririk də.”

Fərahim RƏHİMOV