Azərbaycan İlahiyyat İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilibbackend

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda Aİİ-nin rektoru, rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər.
İnstitutun rəhbəri ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov çıxış nitqi ilə videokonfrans iştirakçılarını salamladıqdan sonra, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz tarixi xidmətlərindən bəhs edib.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasının, inkişafının, ölkəmizdə sabitlik və həmrəyliyin təmin edilməsinin bilavasitə Ulu Öndərin xidmətləri ilə bağlı olduğunu vurğulayan rektor A.Şirinov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi yazıldığını nəzərə çatdırıb.
Daha sonra Aİİ rəhbəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında həyata keçirilən siyasət haqqında da məlumat verib.
Rektor qeyd edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunması, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılması istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin xidmətləri misilsiz və ölçüyəgəlməzdir.
Videokonfransda çıxış edən AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü Azərbaycançılıq ideologiyası həyat tərzimizdə, mənəviyyatımızda, ədəbiyyatımızda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır.
Videokonfrans digər iştirakçıların və tələbələrin qarşılıqlı müzakirəsi ilə davam edib.