Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb.
“Yeni Gündəm” xəbər verir ki, Aİİ-nin rektoru, kursun dinləyiciləri və müəllimlərin iştirakı ilə onlayn görüş keçirilib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, yay mövsümünün pandemiya və xüsusi karantin dövrünə təsadüf etdiyini nəzərə çatdıraraq tələbələr üçün bu müddətdə motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin ixtisayönümlü onlayn kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. Rektor tələbələrə bu gündən etibarən başlayan kurslardan yararlanmağı, öz bilik və bacarıqlarını inkişaf etdirmələrini, daim üzərilərində işləmələrini tövsiyə edib.
Məlumat üçün bildirək ki, kurslar həftədə 2 dəfə olmaqla “Microsoft Teams” proqramı üzərindən onlayn formada, Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov və AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi, Aİİ-nin əməkdaşı Hilal Ağamoğlanov tərəfindən keçiriləcək. Kurslar yalnız Aİİ tələbələri üçün və ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, ali təhsil müəssisəsində tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verilir və təhsilalanların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün Aİİ-də müxtəlif layihələr həyata keçirilir.