Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib.
“ZOOM” proqramı vasitəsilə keçirilən iclasda bütün Şura üzvləri iştirak ediblər.
Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi təxirə salınıb. O qeyd edib ki, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq qeyd edib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.
Aİİ rəhbəri daha sonra imtahanların keçirilmə qaydası ilə bağlı Elmi Şuranın qərarlarını açıqlayaraq, yay imtahan sessiyası ərzində tələbələrin imtahanlarda iştirak, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb.
Yay mövsümünün pandemiya və xüsusi karantin dövrünə təsadüf etdiyini nəzərə çatdıran rektor tələbələr üçün bu müddətdə motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin onlayn kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Nəzarət Şurasının üzvü – təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Aİİ-ni çoxəsirlik İslam mədəniyyətinin ənənələrini davam etdirən elm ocağı adlandıraraq, təhsil, təlim-tərbiyə prosesinə dair öz dəyərli tövsiyələrini verib.
Təhsil üzrə ekspert Nadir İsrafilov görüş iştirakçılarını salamlayaraq, pandemiya dövründə onlayn dərslərin təhsilimizə qazandırdığı təcrübədən geniş bəhs edib.
Millət vəkili Arzu Nağıyev çıxışında Aİİ-nin bir sıra dünya universitetlərinin təcrübəsindən yararlandığını önə çəkib. Qərb universitetlərinin apardığı distant təhsil nümunələrini diqqətə çatdıraraq, ali təhsil ocağının öncül təcrübələrdən istifadəsini yüksək qiymətləndirib.
“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Aİİ-nin qısa zaman ərzində ölkənin ictimai-siyasi həyatında nüfuz qazandığını vurğulayaraq, əməkdaşlarının məqalələrinin humanitar sahədə dünyanın nüfuzlu jurnallarında dərc olunmasını yüksək qiymətləndirib.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev isə Aİİ-nin yaradılmasının və fəaliyyətinin cəmiyyət üçün vacibliyini vurğulayaraq, İnstitutun din sahəsində mütəxəssis yetişdirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib və cəmiyyət üçün dəyərli mütəxəssis yetişdirən bu ali təhsil ocağına uğurlar arzu edib.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iclas iştirakçılarının dəyərli fikirlərinə qoşularaq, Aİİ-yə gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyib.
Məlumat üçün bildirək ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.