Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Natiqlik bir sənətdir” mövzusunda təşkil olunan vebinarda iştirak ediblər.
Tədbirdə Zaur Cahangirovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Məruzəçi öncə natiqlik mədəniyyətinin yaranma tarixindən danışıb. Qeyd edib ki, natiqlik üç əsas komponentdən – danışmaq, dinləmək və düşünməkdən ibarətdir. Müasir zamanda səlis nitq qabiliyyətinin inkişafının mütləq olduğunu qeyd edən Z.Cahangirov söz ehtiyatının formalaşması üçün səsli kitab oxumağın vacibliyinə toxunub. Bildirib ki, yaxşı natiq olmaq üçün dinləməyi bacarmaq lazımdır: “Dinləməyin – Çin dilindəki qarşılığı “Mən sənə qulağımı, gözlərimi, qəlbimi və diqqətimi verirəm”, – deməkdir.”
Z.Cahangirov gənclərə natiqliyin növlərindən bəhs edib, onlara aid nümunələr gətirib. Məruzəçi dini natiqlikdən danışarkən Məhəmməd peyğəmbərin Vida xütbəsini misal gətirib.
Daha sonra bəlağət elmi haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirir.