Dünyanı bürüyən koronovirus infeksiyası sərhədlər aşaraq bir çox ölkələri cənginə alır. Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ön yerdə qərarlaşıb. İtaliyada böyük tələfatlarla davam edən koronavirus pandemiyası haqqında xəbərləri hər birimiz ürək ağrısı ilə qarşılayırıq.
“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin İtaliya ilə xüsusi əlaqələri var. Bir çox nadir və qədim Azərbaycan xalçaları İtaliyada muzey və özəl kolleksiyalarda saxlanılır. Xalça muzeyi İtaliyanın məşhur muzey və qalereyaları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində İtaliya muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan xalçalarının elmi tədqiqatının aparılması, bu işin nəticəsi olaraq kitabların nəşri, birgə mübadilə sərgilərinin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Milli Xalça Muzeyinin italyan dostları – Azərbaycan xalçasının vurğunu olan tanınmış xalça ekspertləri, kolleksioner və mesenatları ilə sıx əlaqələri var. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası son illərdə məhz onların bağışladıqları nadir Azərbaycan xalçaları ilə zənginləşib. Alberto Boralevi, Stefano İonesku, Mirko Kattai, Andrea Koen, Andrea Paççiani kimi italyan xalça mütəxəssisləri onların sırasındadır.
Ölkəmizdə ən çox ziyarət olunan Azərbaycan Milli Xalça Muzeyinin qonaqları sırasında italyan vətəndaşlar da az deyil. Onların sırasında turistlərlə yanaşı, fəxri qonaqlar da var. 2018-ci ildə Bakıya rəsmi səfəri zamanı İtaliya Prezidenti Sercio Mattarella, qızı Laura Mattarella, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi AMXM-nin ekspozisiyası ilə tanış olublar. Qonaqlar muzeydən çox məmnun qalaraq, rəy kitabında xatirə sözləri yazıblar.
Bu gündən etibarən Azərbaycan Milli Xalça Muzeyinin sosial şəbəkələrində mütəmadi olaraq italyan dostlarımızın muzeylə bağlı fikirlərini, videoları, onlar tərəfindən muzeyə hədiyyə olunmuş xalçalar haqqında məlumatları bölüşəcəyik. İlk olaraq Mirko Kattainin muzeyimizə hədiyyə etdiyi Qubanın “Hacıqayıb” xalçası haqqında geniş məlumatla tanış ola bilərsiniz.
Xalça “Hacıqayıb”
Quba qrupu, Azərbaycan. XIX əsrin sonu. Yun. Xovlu, əl işi. İnv. № 9504
Xalça italiyalı kolleksioner Mirko Kattai tərəfindən 2018-ci ildə hədiyyə edilmişdir.
Quba-Şirvan növlü xalçaların qədim nümunələrindən biri olan “Hacıqayıb” xalçası Qubanın eyni adlı kəndinin adı ilə bağlıdır.
Xalçanın ara sahəsini “kilimgülü”, “kətəbə” və “burma” elementləri təşkil edir. Onların düzülüşü Quba xalçalarına xarakterik olaraq aşağıdan yuxarıya doğru rapportlu şəkildə tərtib olunmuşdur. Doldurucu elementlərin o cümlədən, “daraq”, “ağac”, “quş”, “ulduz” naxışlarını da ara sahə yerliyində görmək olur.
Haşiyə qurşağı ana və bala haşiyələrlə tərtib olunub. “Qoşa quş”, “kilimgülü”, “şamdan” və “əjdaha” naxışları haşiyə boyu ritmik olaraq verilmişdir. “Şamdan” və “əjdaha” elementli haşiyə qurşağı xalçanın yalnız yuxarı tərəfini təşkil etdiyindən kompozisiyaya xüsusi özəllik verir.
Xalçanın hər bir elementinin semantik məna çalarları maraq doğurur və onlar əsasən qoruyucu xüsusiyyətlərə malikdir.
Xalçanın rəng çalarları ahəngdar və sabitdir. Ara sahə və ana haşiyənin şəkəri yerliyi üzərində təsvir olunmuş elementlər təbii boyaqlarla boyanmış, tünd qırmızı, sürməyi, qızılı, göy və yaşıl rənglərlə toxunmuşdur.