“Prodüserlərin yüksəlişi” təlim proqramının açılışı oldubackend

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” adlı təlim proqramı həyata keçirilir.

“Yeni Gundem”Mədəniyyət Nazirliyindən daxil olan məlumata görə,Təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann və Titus Kreyenberq tərəfindən təşkil olunur.

Təlim proqramın açılış mərasimi bu gün “Hyatt Regency Baku” hotelində olub.
Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, proqramın məqsədi Azərbaycanda yeni nəsil prodüserləri hazırlamaqdır: “Bu gün burada təcrübəli prodüserlərlə yanaşı, bu sahəyə ilk addımlarını atan prodüserlər də iştirak edir. Təlim iki mərhələdə keçiriləcək. Birinci mərhələ (intensiv mərhələ) oktyabrın 13-dək davam edəcək. İkinci mərhələdə isə təlim iştirakçılarının ideyaları əsasında kino layihəsi ilə bağlı iş aparılacaq. Bu mərhələ zamanı təlim rəhbərləri tərəfindən “Zoom” proqramı vasitəsilə iştirakçılarla əlaqə yaradılacaq”.
Prodüser Martin Hagemann təlimin strukturu barədə danışıb. Bildirib ki, 8 həftə davam edəcək təlimlərdə prodüser sənayesi, bu sahənin əsasları haqqında məlumat veriləcək: “Təlim zamanı iştirakçılar hər birində 15 nəfər olmaqla iki qrupa bölünəcək. Amma biz Titus Kreyenberqlə birlikdə tez-tez qrupları dəyişdirəcəyik. Bu, təlimin effektiv olmasına şərait yaradacaq”.

Prodüser Titus Kreyenberq təlimin əhəmiyyətindən bəhs edib.Çıxışlardan sonra təlim iştirakçıları ilə tanışlıq olub.
Qeyd edək ki, təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti də qazanacaqlar.
Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal