Azərbaycan və Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə edilibbackend

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

“Yeni Gundem”in məlumatına görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad edib. Səfər iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirəsini də dəfn olunduğu məqbərə-Anıtkabirdə ehtiramla anıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr, Təhsil və Mətbuat, Dövlət Su İşləri, Qida və Nəzarət, Kənd Təsərrüfatı İslahatları və Kadr məsələləri üzrə Baş İdarələrinin və TÜRKSAT-ın rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə fermerlərin müraciətlərinə baxılması mexanizmi, elektron sənəd dövriyyəsinin tətbiqi qaydaları və digər məsələlər müzakirə olunub.

Görüşlər zamanı ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, tətbiq olunan rəqəmsal texnologiyalar, aqrar təhsil və tədqiqat, beynəlxalq layihələr, fermerlərə göstərilən dəstək və onların icra mexanizmləri, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarıəsasında yenidən qurulması, orada ekologiyanın mühafizəsi və biomüxtəlifliyin qorunmasına yönəlmiş ən son texnologiyaların tətbiqi barədə ətraf məlumat verilib.

Eyni zamanda, qarşı tərəflə aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, ölkələrimiz arasında aqrar sahədə sazişlərin və yol xəritələrinin səmərəli icrası, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə konkret addımların atılması barədə müzakirələraparılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin aidiyyəti qurumlarının rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə təşkil olunmuş dəyirmi masalarda kadr məsələləri, elektron sənəd dövriyyəsi, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası, torpaq və sudan səmərəli istifadə, kooperativlərin fəaliyyəti, həmçinin təhsil və elmi-tədqiqat, kənd yerlərinin inkişafı sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi və onların icra mexanizmi və çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlı hər iki tərəfin təcrübəsinə əsaslanan təqdimatlar edilib.

Nümayəndə heyətləri kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin və müvafiq icra proseslərinin uğurla davam etdirilməsinin, bu kimi mübadilə görüşlərin mütəmadi qaydada təşkil olunmasının vacibliyini vurğulayıb.