“Azərbaycanın liderlik etdiyi regionda Fransa kimi ölkəyə yer olmayacaq” – Deputatbackend

Biz uzun illərdir ki, Fransanın Azərbaycana qarşı qərəzli və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın ölkəmizə qarşı siyasıti daha da aqressivləşib.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Makron hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə qarşı ardıcıl olaraq çirkli siyasət aparır.

“Makronun apardığı siyasətin sanki bir hissəsini anti-Azərbaycan siyasəti təşkil edir. Onlar ermənidən çox ermənipərəstlik edirlər. Biz bu siyasəti müxtəlif istiqamətlərdə görürük. Həm Ermənistanın silahlandırılmasına yardım edilməsi, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qarayaxma kampaniyaların aparılması və qərarların qəbul edilməsinə cəhd edilməsinin şahidi oluruq. Bu cəhdlərin hər biri fiaskoya uğrayıb və sabun köpüyündən başqa bir effekt verməyib.

Eyni zamanda, Fransa Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib. Bu günlərdə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Fransanın Azərbaycanda qurmaq istədiyi casus şəbəkəsi ifşa edildi və Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq, səfirliyin iki diplomatının arzuolunmaz şəxs elan edilməsi onun diqqətinə çatdırıldı. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi barədə nota verildi. Fransanın bu cür addımları iki ölkə arasında münasibətləri pisləşdirir və eyni zamanda, beynəlxalq aləmdə özünü rüsvay vəziyyətinə salır”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, bu hadisələr bir daha göstərdi ki, Azərbaycan qüdrətli ölkədir və onun daxili işlərinə heç kəs qarışa bilməz.

“Fransa bu cür hərəkətlərinə davam etsə, Azərbaycanın liderlik etdiyi regionda Fransa kimi ölkəyə yer olmayacaq”, – deyə o əlavə edib.