Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) işgüzar görüş keçirib. Mərkəzin direktoru Rəşad Xanlarov bildirib ki, burada 9 ixtisas üzrə tədris aparılır. BDPTM 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir.
Qeyd edilib ki, cari ildən mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər universitetlərdə təhsil almaq imkanı əldə edir.
Qonaqlar avtomobil təmiri servis mərkəzi, avtomatika, inşaat, informasiya texnologiyaları, mexanika, elektrotexnika və energetika sahələri üzrə tədris aparılan emalatxanalarla tanış olub. Həmçinin mərkəzdə müəllim kimi çalışan AzTU məzunlarının fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Rektor Vilayət Vəliyev mərkəzdəki ixtisaların AzTU-nun “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları”, “Nəqliyyat və logistika”, “Energetika, elektrotexnika və avtomatika” fakültələrinin bəzi ixtisaslarına uyğun olduğunu vurğulayıb. Rektor məzunların işə qəbulu, təcrübə proqramlarında iştirakı, həmçinin BDPTM və AzTU-nun müəllimləri arasında əməkdaşlığın vacibliyindən danışıb. Görüş zamanı müəssisələr arasında işçi qrupun yaradılması, birgə tədris proqramlarının hazırlanması, nəzəri və praktiki təlimlərin təşkili və əməkdaşlıq memorandumunun imzalanacağı da bildirilib.