Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departamentlər və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.
Universitetin mətbuat xidmətindən “Yeni Gündem” e verilən məlumata görə, “Elm və innovasiyalar” departamenti ləğv edilərək, onun bazasında “Tədqiqat və inkişaf” şöbəsi yaradılıb. Kimya üzrə fəlsəfə doktoru, dos. Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.
Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında “Beynəlxalq əlaqələr” şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.
AzTU-nun “Strateji planlaşdırma” şöbəsi də ləğv edilib. Onun bazasında “Texnoloji transfer” şöbəsi yaradılıb. Texnika elmləri namizədi Vəli Fətəliyev şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin “Müdafiə təyinatlı məmulatların istehsalı” şöbəsinin müdiri, həmçinin bir sıra nazirliklərdə şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.