Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında anlaşma memorandumu imzalanıb.
“Yeni Gündəm” xəbər verir ki, memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və mərkəzin direktoru Rəşad Xanlarov imzalayıb. Sənədə əsasən, tərəflər müxtəlif ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığının təşkili, AzTU-nun mütəxəssislərinin mərkəzdə tədris prosesinə cəlb edilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.
İmzalanmadan sonra mərkəzin rəhbərliyi AzTU-nun müxtəlif laboratoriyalarının və kitabxanasının fəaliyyəti ilə tanış olub, Milli Qəhrəmanlar muzeyini ziyarət edib.
Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM-də 9 ixtisas üzrə tədris aparılır. Mərkəz 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Cari ildən mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər ali məktəblərdə təhsil almaq imkanı əldə edir.