Yanvarın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib. İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, məqsəd AzTU-da aparılan struktur islahatları və imtahan sessiyası ilə bağlı görülən işləri müzakirə etməkdir.
Rektor Vilayət Vəliyev əvvəlcə Vətən müharibəsində əldə olunan Şanlı Qələbədə AzTU-nun tələbə və məzunlarının iştirakını xüsusi qeyd edib. Bildirib ki, yanvarın 16-da Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla, eləcə də onların valideynləri ilə onlayn görüş keçirilib. Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün Kompleks Qayğı Proqramı hazırlanıb və universitet Elmi Şurasında təsdiqlənib. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək. O da bildirilib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə yüksəlib.
Rektor daha sonra universitetin tədris sistemi, struktur dəyişiklikləri və qarşıda görüləcək işlərlə bağlı məlumat verib. Vilayət Vəliyev aparılan köklü islahatlarla yanaşı bir sıra problemlərin də olduğunu vurğulayıb.
Bütün problemlərin tədrisin keyfiyyətinin aşağı olmasından qaynaqlandığını diqqətə çatdırıb.
Daha sonra AzTU-nun prorektoru İsa Xəlilov onlayn imtahanlara hazırlıqla bağlı məlumat verib.
İclasda çıxış edən AzTU-nun İctimai Şurasının üzvləri – millət vəkili Etibar Əliyev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və universitetin Ağsaqqallar Şurasının üzvü Vaqif Mövlazadə, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı rektorun bəzi məslələrlə bağlı tənqidi yanaşmasını müsbət qiymətləndirib. Şura üzvləri həmçinin universitetdə aparılan köklü dəyişiklikləri qənaətbəxş hesab edib. Bildirilib ki, bu inkişaf tempi ilə irəliləsə AzTU yaxın zamanlarda ölkənin və regionun qabaqcıl universitetləri sırasında olacaq.