Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə “Köklərimizin izində-5” adlı videokonfrans keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız 28 may – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Qazi Universitetinin 95 illiyi ilə əlaqədar böyük şəxsiyyətlərə həsr olunan “Köklərimizin izində” adlı silsilə konfranslar keçirilir. Bunlardan beşincisi Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə həsr olunub. O qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını bu gün hər birimiz çox rahatlıqla ifadə edirik. Bu həftə Azərbaycanda səfərdə olduğunu və AzTU ilə mühüm əməkdaşlıq müqaviləsi imzaladığını diqqətə çatdıran rektor görülən işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Rektor Cümhuriyyətin 23 aylıq fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şərqin ilk parlamentli demokratik respublikasının əsas fəaliyyət istiqamətlərindən biri də elm və təhsilin inkişafına yönəlmişdi. Həmin dövrdə Azərbaycanın ilk universitetinin təsis olunması təhsilin inkişafı və milli kadrların hazırlanması sahəsində əvəzsiz rol oynayıb. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti və gördüyü mühüm işlərdən də bəhs edib. Vilayət Vəliyev bildirib ki, bu il 28 may – Respublika Gününü qalib ölkə kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində Azərbaycan xalqı yeni qəhrəmanlıq səhifəsi yazıb.
Azərbaycan və Türkiyə arasında dostluq münasibətinin tarixindən danışan rektor 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və diplomatik dəstəyini xüsusi vurğulayıb. Qeyd edib ki, qardaş ölkə ilə bütün istiqamətlərdə olduğu kimi elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Bu yaxınlarda AzTU və Qazi Universiteti arasında imzalanan müqaviləni xatırladan rektor bunun Azərbaycan təhsilinin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Daha sonra Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyə-Azərbaycan əlaqələrinin detalları barədə danışıb. Eyni zamanda Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və Əlimərdan bəy Topçubaşovun fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, cəmi 23 ay yaşasa da Azərbaycan Xalq Cümhuriyyəti nəticəsi möhtəşəm olan böyük işlər görüb.