Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcəkbackend

Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində cəmiyyətdə dahi şairin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə oktyabrda “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.

Nazirlikdən “Yeni Gündəm” – ə bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.

Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

3D audiovizual proyeksiya formatında baş tutacaq festival oktyabrın 14-dən 17-dək davam edəcək.

Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.

Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.