“Bəs heç nəyin yox idi?“ – Brejnev  paltar istəyən arvadının qarderobuna balta ilə hücum çəkib və…backend

18 il SSRİ-nin birinci xanımı statusunu daşıyan Leonid Brejnevin həyat yoldaşı Viktoriya Petrovna mətbuata və ictimaiyyətə açıq adam olmayıb. O, yaddaşlarda sakit, siyasi proseslərlə baş qoşmayan, yalnız ailə qayğıları ilə yaşayan xanım kimi qalıb.

Hətta rəsmi tədbirlərdə, ziyafətlərdə belə Viktoriya Petrovna baş katibin yanında görünməyə həvəs göstərməyib. Əslində isə birinci xanım heç də göründüyü kimi olmayıb. Viktoriya Petrovna lazımi məqamlarda özünü əsl “birinci ledi” kimi aparıb, ailə daxilindəki məsələlərdə hegemonluğundan geri qalmayıb.

Onların tanışlığı Kursk şəhərindən başlayıb. Brejnev bu şəhərdə Meliorasiya, Viktoriya isə Tibb texnikumunda təhsil alıb. Gənc Leonid axşamlar boş vaxtlarını tələbə yataqxanısının klubundakı rəqs gecələrində keçirib və bu klubda Tibb texnikumunun tələbə qızlarından birinə vurulub. Nəhayət, günlərin birində o, ürəyini qıza açmaq üçün onu rəqsə dəvət edib. Yəqin ki, Leonid İliç həyatındakı ilk uğursuzluqla da həmin gün rastlaşıb. Belə ki, qız gələcəyin baş katibinin təklifini qəbul etməyib. Brejnevin məyus olduğunu görən qızlardan biri onu xoşagəlməz vəziyyətdən çıxarmaq üçün Brejnevi rəqsə dəvət edib. Bu qız məhz Viktoriya Petrovna olub. Bu tanışlıqdan bir il sonra, 1928-ci ildə onlar ailə həyatı qurublar.

Evliliklərinin ilk illərində ailənin durumu ağır olub, yataqxanalarda, kirayə evlərdə Brejnevlər ailəsi çox çətinliklərlə üzləşiblər. Brejnevin sürətli vəzifə karyerası zaman-zaman ailənin rifahını dəyişib. O cümlədən hər şeylə qane olan Viktoriya Petrovna da əvvəlki “sadə”liyində qalmayıb.
Həyat yoldaşının zəngin həyat tərzinə meylliyi Brejnevin ürəyincə olmayıb. Nəhayət, o, Viktoriya Petrovnaya bunula bağlı sərt təpki də nümayiş etdirib. Müharibənin ağır günlərinin birində Brejnev evə qayıdanda Viktoriya Petrovna həyat yoldaşına qarderobunun çox kasıb olduğunu söyləyib. Adətən çox təmkinli olan Brejnev bu dəfə əsəblərini cilovlaya bilməyib. Böyük paltar şkafını açaraq Viktoriyanın bütün paltarlarını və ayaqqabılarını otağın ortasına töküb və onların hamısını balta ilə doğrayıb. Sakitləşdikdən sonra Brejnev hönkürərək ağlayıb, Viktoriya ilə ailə qurmaqda nə qədər böyük səhv etdiyini dilə gətirib.

Bəli, Brejnev bir neçə dəfə Viktoriya ilə ailə qurmasında tələskənliyə yol verdiyini etiraf edib. Hətta bir neçə dəfə çox ciddi şəkildə boşanma məsələsi də ortaya çıxıb. Amma sovet dövründə vəzifəli şəxslərin boşanma məsələsi ciddi “nöqsan” və “kommunist əxalaqına zidd” sayıldığından bu məsələ təxirə salınıb. Brejnev isə Viktoriya ilə birgə yaşamağı özünməxsus tərzdə ifadə edib:

“Viktoriya qulpu olmayan çamadana bənzəyir, onu daşımaq çətindir, amma atmağa da adamın heyfi gəlir…”

Həyat yoldaşının baş katib olduğu illərdə Viktoriya Petrovna Brejnevin siyasi fəaliyyətinə, xüsusilə də kadr siyasətinə birbaşa müdaxilə etməyib. Amma dolayısı yolla öz işini görüb. Bağ görüşləri, ev ziyafətləri zamanı birinci xanım Brejnevdən xəbərsiz Kremlin yüksəkçinli məmurlarına öz qohumları ilə bağlı xahişlər edib, onların hamısını yerbəyer etməyə imkan tapıb.

Bu haqda Brejnevin qardaşı qızı Lyubov Brejneva öz xatirələrində də yazıb:

“Viktoriya Petrovna öz bacıları və qardaşı, onların övladları üçün hər şey edirdi. Onlar Brejnevin adından istifadə edib istədiklərinə nail olurdular. Əmimin öz qohumları isə oyundan kənar vəziyyətdə idi. Viktoriya Petrovna Brejnevi öz qohumlarından tam təcrid etmişdi, hətta yeganə qardaşından da. Əmimin öz doğma qardaşı ilə münasibəti olduqca soyuq idi. Bu şəraiti isə Viktoriya Petrovna yaratmışdı. O, bu işləri ustalıqla bacarırdı…”

Viktoriya Petrovna Brejnevin hədiyyə ehtirasının qarşısını almağa heç vaxt cəhd göstərməyib. Əksinə, daha da zənginləşmək üçün buna şərait yaradıb. Lyubov Brejnevanın yazdığına görə, Viktoriya Petrovna Moskvanın birinci katibi Viktor Qrişindən şəhərdə ona bir mənzil verilməsini xahiş edib və sözsüz ki, bu xahiş  dərhal yerinə yetirilib. Birinci xanım bu mənzili sadəcə əlavə bir mənzilə sahib olmaq üçün istəməyib. O, bu mənzili Brejnevə verilən qiymətli hədiyyələri saxlamaq üçün istəyib. Viktoriya Petrovna bütün hədiyyələri bu mənzilə daşıtdırıb, hər bir qiymətli əşyanın üzərinə övladlarının və nəvələrinin adlarını yazıb, yəni əvvəlcədən hər kəsin payını müəyyənləşdirib. Daxili işlər naziri Şelokov bu mənzilin mühafizəsini təşkil edib, mənzil bütün sutka ərzində milis nəzarətində olub.

Evdar qadın rolunda görünən Viktoriya Petrovna əyləncələrindən də qalmayıb. O, mütəmadi olaraq rəfiqələrinə xüsusi ziyafətlər təşkil edib. Bu ziyafətlərin əsas qonaqları Yuri Andropovun və Konstantin Çernenkonun həyat yoldaşları olub. Vaxtilə Azərbaycan DTK-sına rəhbərlik etmiş Semyon Svuqunun ailəsi isə Viktoriya Petrovnanın ən əziz və fəxri qonaqları sayılıb. Bağ evinə qonaq gələnlərin birinci xanıma verdikləri qiymətli hədiyyələrdən çox vaxt Brejnevin xəbəri olmayıb.

Brejnevin vəfatından sonra Viktoriya Petrovnanın zəngin həyatına son qoyulub. Onun fəaliyyəti hərtərəfli məhdudlaşdırılıb. Hətta Brejnev öldükdən sonra onu baş katibin meyiti olan yataq otağına da buraxmayıblar. Sabiq birinci xanımın ölkənin sabiq baş katibi ilə sonuncu görüşü iki gün sonra İttifaqlar Evinin sütunlu zalındakı vida mərasimində baş tutub. Daha bir neçə gündən sonra isə ailəyə məxsus olan əsas var-dövlət onlardan alınıb, o cümlədən illər boyu yaşadıqları, bahalı hədiyyələr qəbul etdikləri, kef məclisləri qurduqları bağ evləri də. Viktoriya Petrovna ömrünün sonuna qədər ailə faciələri içərisində Moskvada kiçik bir mənzildə ömürünü başa vurub.

Bir çox xəstəliklərdən əziyyət çəkən sabiq birinci xanımın həyatına şəkərli diabet son qoyub. O, 1995-ci ildə, 87 yaşında vəfat edib.